Azərbaycan əleyhinə təbliğat aparanlara meydan verməməliyik!

Azərbaycan əleyhinə təbliğat aparanlara meydan verməməliyik!

İkinci Qarabağ müharibəsi dövründə bütün siyasi qüvvələr hakimiyyətə, Ali Baş komandana dəstək verdilər və xalqımızın arzuladığı birliyi nümayiş etdirdilər.

Çox təəssüf ki, bu birliyə bəzi müxalifət  qurumları qoşulmaq, xalqın istəyi ilə hesablaşmaq məcburiyyətində olduqlarına görə dəstək verdilər. Bu qurumlar əllərinə düşən ilk fürsətdən - 10 noyabr bəyanatının imzalanmasından - istifadə edərək hakimiyyətə qarşı hücumlara başladılar. Baxmayaraq ki, birliyə, həmrəyliyə bəyanat imzalandıqdan sonra daha çox ehtiyac var idi və siyasi partiyaların üzərinə son dərəcə böyük yük düşürdü. Məhz bu dövrdə  dövləti, xalqı düşünən siyasətçilər qazandığımız qələbənin böyüklüyünü, dövlətimizə qarşı çıxan qüvvələrin məqsədlərini, mövcud təhlükələri insanlara izah etməli və birliyimizi qorumaq üçün əllərindən gələni etməli idilər. Ancaq bunun əvəzində  müxalifətin bir hissəsi hakimiyyətə hücum etməyə, uğurlarımızı azaltmağa və hər şeydə dövlət başçısını günahlandırmağa başladılar.

Bəzi müxalifət qurumlarının bu cür mövqe tutmasının əsas səbəbinin hakimiyyət uğrunda mübarizə olduğu hamıya yaxşı  məlumdur. Qarabağ məsələsi bu qüvvələr üçün hakimiyyət uğrunda mübarizədə həmişə əsas bəhanə olub və xalqımız bu münasibətin nəticəsində 33 il ərzində çoxlu fəlakətlərlə üzləşib, torpaqlarımız işğal olunub, həmvətənlərimiz şəhid olub, yaralanıb, yurd-yuvasından didərgin düşüb.  

Onu da etiraf etmək lazımdır ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur və müxalifət bu məqamdan yararlanmağa çalışır. Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu  xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir dərdi yoxdur. Əsas odur ki, onların dedikləri "dərin” fikirlər "xal”gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona "oğulsan”-deyənlərin və rəqibləri küçə söyüşləri ilə təhqir edənlərin sayı durmadan artsın.

Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün, bu mövqeni müdafiə etmək yüksək hazırlıq,ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti "inandırıcı” tərzdə tənqid etmək  üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirlərini oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, "böyük siyasətçi” titulunu qazanasan və "xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələlərinin sayı barmaqla sayılacaq qədər son dərəcə azdır.

Burda ikinci mühüm məqam ortaya çıxır. Sayı onsuz da az olan bu dəyərli insanların hakimiyyət strukturları ilə əlaqə saxlamaq, onlardan vaxtında zəruri məlumatları almaq imkanı varmı? Müvafiq qurumlar Prezidentin mövqeyini xalqa çatdırmaq, onunla çiyin-çiyinə mübarizı aparmaq istəyən  insanlara  kömək göstərmək barədə düşünürlərmi?

Dövlət və hakimiyyətə yaxın televiziya kanallarına rəhbərlik edənlərin təbliğatı yüksək səviyyədə qurmaq, bütün potensialı bu işə cəlb etmək kimi bir "dərdi” varmı?

 Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək qeyri-mümkündür. Təəssüf ki, təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər işi qurmaq barədə deyil,  daha çox öz kreslolarını itirməmək barədə düşünürlər. Bunun yolu isə çox sadədir: nə qədər faydalı olsa da fərqli fikir söyləyənləri yaxına buraxma, meydanı çox vaxt mənasız, ictimai rəyə heç bir təsiri olmayan, ancaq "xatasız” fikirlər söyləyənlərə ver və kresloda rahat otur. İctimai rəyi şikəst edən "liderlərin” prezidentə qarşı açdığı cəbhəni, xalqın hər gün aldadıldığını, çaşdırıldığını qətiyyən düşünmə. Məhz bu davranış hakimiyyət uğrunda mübarizədə hər vasitəni mümkün sayan müxalifətçilərin mövqeyini möhkəmləndirir, onların xalqı çaşdırmasına münbit şərait yaradır. Bu cür cəhdlərin qarşısını almaq üçün dövlətçilik mövqeyində dayanan bütün qüvvələr birləşməli, daxili və xarici düşmənlərin Azərbaycana qarşı planlarını pozmaq üçün əllərindən gələni etməyə çalışmalıdırlar.

Abutalıb SƏMƏDOV,

Azərbaycan Naminə Alyans Partiyasının sədri


скачать dle 12.1
Geri qayıt