O dövlət güclüdür ki, onun güclü iqtidarı və güclü müxalifəti var

Partiya sədri: «Azərbaycan iqtidarda, müxalifətdə olmağımızdan asılı olmayaraq hamımızındır, bütün xalqımızındır»
«İstənilən dövlətin siyasi taleyində, ölkədə qanunların aliliyinin təmin edilməsində, azad, ədalətli mühitin formalaşmasında, vətəndaş cəmiyyətinin bərqərar olmasında iqtidar-müxalifət münasibətlərinin mövcud durumu, səviyyəsi əhəmiyyətli rol oynayır».
Bunu "Azad Azərbaycan" qəzetinə açıqlamasında Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
O qeyd edib ki, o dövlət güclüdür ki, onun güclü iqtidarı və güclü müxalifəti var: «İqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçirilməsində hər iki tərəfin müəyyən rolu olsa da, təşəbbüskarlıq ilk növbədə iqtidardan gəlməlidir. Sirr deyil ki, Azərbaycanda çoxpartiyalı sistem formalaşsa da, son illərə qədər iqtidar-müxalifət münasibətlərində gərginlik müşahidə olunurdu. Bunun əsas səbəbi müxalifət yönümlü siyasi partiyalrın fəaliyyətinə müəyyən məhdudiyyətlərin, çərçivələrin tətbiqi, müxalifət partiyaları ilə iqtidar arasında işgüzar təmasların, dialoqun (epizodik hallar istisna olmaqla) olmaması ilə bağlı idi. Düzdür, Azərbaycanda KİV-ləri üzərində senzura ləğv edilib, söz, mətbuat azadlığı bərqərar olub. İnternetə, sosial şəbəkələrə çıxışda heç bir məhdudiyyətlər yoxdur, siyasi partiyalar azad şəkildə öz fikirlərini cəmiyyətə çatdıra bilirlər. Ancaq son zamanlara qədər müxalifət partiyalarının mövqeyinə, fikirlərinə kifayət qədər diqqət yetirilmirdi, müxalifət partiyaları (az sayda olanlar istisna olmaqla) ölkənin siyasi həyatından təcrid edilmişdi. Təqdirəlayiq haldır ki, 2019-cu ilin sonlarından başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni siyasi konfiqurasiya, tutduqları mövqedən, siyasi meylindən asılı olmayaraq müxalifət partiyaları ilə dialoq mühiti formalaşıb. Bu sahədə 2019-cu ilin dekabr ayında PA-da "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin təsis edilməsi xüsusi rol oynayıb. Ötən müddət ərzində şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevlə müxalifət liderlərinin həm oflayn (pandemiyadan əvvəl), həm də onlayn görüşləri keçirilib».
Partiya sədri vurğulayıb ki, hər şeydən göründüyü kimi, ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə formasına keçməsi, müxalif siyasi partiyaların ölkənin siyasi həyatına yaxından cəlb edilməsi üçün siyasi iradə mövcuddur: «Məhz bu siyasi iradənin mövcudluğu və "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə şöbə əməkdaşlarının bu iradənin reallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidr ki, 44 günlük Vətən müharibəsi dövründə, bir-iki partiya istisna olmaqla, mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi
partiyalar Ali Baş Komandan İlham Əliyevin mövqeyini dəstəklədiklərini bəyan etdilər və beləliklə də ölkəmizdə sosial-siyasi sabitliyin qorunub saxlanılmasına imkan yarandı».
T.Qənioğlu təəssüflə əlavə edib ki, "sülhməramlı” adı altında Rusiyanın Azərbaycana qarşı apardığı, sözün əsl mənasında, işğalçılıq hərəkətləri, erməni terrorçularını hərtərəfli dəstəkləməsi, onların dirçəlməsi üçün siyasi-iqtisadi-hərbi yardımları, eləcə də, İranın, ABŞ-ın və Fransanın regionumuza yönəlmiş destruktiv fəaliyyətləri, Ermənistanın revanşizm mövqeyinin möhkəmləndirilməsinə hədəflənmiş hərəkətləri göstərirki bizləri qarşıda hələ çox sınaqlar gözləyir. Bu sınaqdan uğurla çıxmağın yollarından biri iqtidar-müxalifət dialoqunun daha da genişləndirilməsindən, müxalif siyasi partiyaların ölkəmizin siyasi həyatında rolunun artırılmasından, onların daha səmərəli fəaliyyəti üçün müvafiq qanunvericilik təminatından keçir. Unutmaq olmaz ki, Azərbaycan iqtidarda, müxalifətdə olmağımızdan asılı olmayaraq hamımızındır, bütün xalqımızındır».
Bilman İSAQ