Bu ay Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək - Ələkbərov

Talibanın nəzarətinə keçən Əfqanıstanda ərzaq ehtiyatları sentyabr ayında tükənəcək.
GunAz.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov iştirak etdiyi mətbuat konfransında bildirib.
R.Ələkbərov uzun illərdir davam edən müharibədən sonra ölkənin Talibanın rəhbərliyi altında üzləşdiyi çətinliklərə aclıq böhranının da əlavə olunduğunu, 38 milyonluq ölkə əhalisinin təxminən üçdə birinin böhran səviyyəsində ərzaq qıtlığı ilə üzləşdiyini deyib:
"Qışın yaxınlaşması və şiddətli quraqlığın davam etməsi şəraitində əhalini qidalandırmaq üçün daha çox vəsaitə ehtiyac var. Taliban bu həftə Amerika qüvvələrinin çıxarılması ərəfəsində ölkəyə nəzarəti ələ keçirdi. İndi onlar beynəlxalq yardımlara çox güvənən və hər gün pisləşən iqtisadi böhran şəraitində olan xalqı idarə etməlidirlər”.
BMT-nin bölgədə humanitar yardım missiyasını davam etdirdiyini deyən R.Ələkbərov ən böyük humanitar dəstəyi Əfqanıstanla sərhəd Pakistandan aldıqlarını deyib.