“5-ci kolon”un fəallaşmasına imkan verilməməlidir

“5-ci kolon”un fəallaşmasına imkan verilməməlidir

Şəms Əliyeva: «Qazinin pensiya hüququnun pozulmasında daha çox əziyyət çəkən onu Vətən üçün yetişdirən anası, qadını, gələcəyin əsgəri olacaq övladlarıdır»

 

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində misilsiz qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli sülh razılaşmasından yeddi ay keçir. Hər birimiz 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli və əbədi torpaqlarımızın işğalına son verən bu razılaşmanın müsbət tərəflərini məmnuniyyətlə qarşılasaq da, onun işğalın nəticələrini tamamilə aradan qaldırmadığını da başa düşürdük, xüsusilə "sülhməramlı” adı altında Rusiyanın ərazilərimizə soxulduğunu nəzərə alaraq». Bunu «Azad Azərbaycan»a Təkamül Partiyası sədrinin müavini, Qadınlar Şurasının sədri Şəms Əliyeva bildirib.

O qeyd edib ki, biz Azərbaycan dövləti, xalqı olaraq düşmənlərimizin kim olduğunu, "nəyə qadir olduqlarını”, onları kimlərin himayə etdiyini və bu zaman hansı kirli məqsədlərə nail olmaq istədiklərini yaxşı bildiyimizi hesab edirdik. Ancaq, iyun ayının 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam edilmiş televiziya kanalının və xəbər agentliyinin əməkdaşları Sirac Abışovun və Məhərrəm İbrahimovun, eləcə də, rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyevin tank əleyhinə minaya düşərək həlak olmasına, 4 nəfərin isə ağır yaralanmasına, özlərini "hüquq müdafiəçisi”, "insan haqlarının müdafiəçisi” adlandıranlar hələ də susur. Qərbdə "fəaliyyət göstərən” beynəlxalq təşkilatların, xüsusilə də, 30 il ərzində Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə "məşğul olan” ATƏT-in "reyaksiyası” bir daha göstərdi ki, biz ermənilərin, onların «böyük bacı»sı olan Fransa başda olmaqla xristian həmrəyliyindən çıxış edən himayədarlarının bizlərə, bütünlükdə türklərə qarşı olan sonsuz və əsassız nifrətinin dərəcəsini sona qədər ölçə, qiymətləndirə bilməmişik! Ermənilərin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən qəti olaraq imtina etməsi, himayədarlarının buna seyirçi münasibət bəsləməsi (əslində dəstəkləməsi), Ermənistanın iqtidarlı-müxalifətli bütün ünsürlərinin revanşizm mövqeyindən çıxış etməkdə davam etməsi, sərhəddə baş verən hadisələri şişirdərək türk düşməni olan bəzi xarici dövlətlərin regionumuza daxil olmasına cəhdlərin göstərilməsi, "sülhməramlıların” öz mandanlarının ziddinə olaraq nəzarətlərində olan Azərbaycan ərazisinə Ermənistanın müxtəlif səviyyəli rəhbərlərinin, eləcə də, bir nömrəli terroçu II Qareginin qanunsuz daxil olmasını təşkil etməsi, ermənilərin mövcud olmayan Dağlıq Qarabağa müstəqillik statusu verilməsinə mütəmadi olaraq göstərdiyi cəhdlərə göz yumması (əslində bunu dəstəkləməsi) bir daha göstərir ki, biz, Azərbaycan dövləti olaraq sayıqlığımızı itirməməliyik! Bunun yolu isə Vətən müharibəsi zamanı nümayiş etdirilən iqtidar-müxalifət birliyinin, xalqımızn Ali Baş Komandan və ordumuz ətafında sıx birliyinin, qardaş Türkiyə və dost Pakistanla münasibətlərimizin daha da möhkəmləndirilməsindən keçir!

Ş.Əliyeva bildirib ki, son zamanlar "5-ci kolon” təmsilçilərinin və onların maşalarının fəaliyyəti, xüsusilə də, Vətən müharibəsi qazilərinə, eləcə də, pensiyaçılara münasibətdə onların yol verdikləri hərəkətlər göstərir ki, bəzi qüvvələr xalqla iqtidar arasında narazılıq, ölkəmizdə sosial-siyasi gərginlik yaratmağa cəhd göstərirlər: «KİV-ə ötəri nəzər salmaq kifayətdir ki, bunun bariz şahidi olasan. Hətta Vətən müharibəsində şikəst, əlil olmuş bir qazinin pensiya hüquqlarının pozulması belə qətiyyən yolverilməzdir. Belələri isə bir deyil, on deyil, yüzlərlədir! Unutmaq olmaz ki, qazinin pensiya hüququnun pozulmasında daha çox əziyyət çəkən onu Vətən üçün yetişdirən anasıdır, qadınıdır, gələcəyin əsgəri olacaq övladlarıdır! Ermənilərin və havadarlarının davranışları göstərir ki, müharibə hələ bitməyib, torpaqlarımız tam azad edilməyib. Ona görə də, qazilərə qarşı belə qanunsuz münasibətin xalq-iqtidar birliyinin bünövrəsinə, Azərbaycanın gələcəyinə qoyulmuş gec partlayan mina olduğunu unutmamalı və buna qətiyyən yol verməməliyik».

 

Bilman İSAQ

скачать dle 12.1
Geri qayıt