“Böyük Qayıdış” başlandı!

“Böyük Qayıdış” başlandı!


 

Bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycan prezidenti İlham Əliyev"Böyük qayıdış”ın başlaması barədə tarixi bəyanat verdi. Dövlət başçımız bu prosesin Zəngilan rayonunun Ağalı kəndindən başladığını və azad edilmiş torpaqlarda inşa edilən birinci kənd olması səbəbindən bu kəndin çox böyük önəmi olduğunu bildirdi.

Tikinti-quruculuq işlərinə cəlb olunmuş xarici şirkətlərin nümayəndələri məlumat verərək "Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris”, "ağıllı səhiyyə” və "ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəklərini qeyd etdilər. 200-dən çox evi olan kəndə yaşamağa gələn insanların iş yerlərinə və istehsalata ehtiyacını nəzərə alaraq ilk mərhələdə İtaliya şirkəti bu ilin noyabr-dekabr aylarında süd fermasını, İsrail firması isə Zəngilanda "açar təslimi” layihəsi kimi 300-400 başlıq camış fermasını tikəcək.

Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyan dövlət başçımız onun bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacağını, Füzuli Beynəlxalq Hava Limanının tikintisinin uğurla getdiyini,bu il uçuş-enmə zolağının istismara veriləcəyini, ilk təyyarələrin qəbul ediləcəyini bildirdi.

Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək planlarından danışan Azərbaycan prezidenti buradan dəmir yolu, avtomobil yolu keçəcəyini, Zəngilan-Horadiz avtomobil yolunun tikiləcəyini, Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcəyini, Zəngəzur dəhlizi ilə dəmir yolunun Naxçıvan Muxtar Respublikasına qədər uzadılacağını bəyan etdi.

Böyük quruculuq işləri planlaşdıran Azərbaycan prezidenti Zəngəzur koridorunun açılmasına xüsusi əhəmiyyət verir. Bu planlara mane olmaq istəyən erməni dairələri müxtəlif bəhanələrlə üçtərəfli Moskva bəyanatında nəzərdə tutulan bəndlərin icrasını ləngitmək üçün əllərindən gələni edirlər. Digər tərəfdən, bu koridorun açılmasında maraqlı olan üç dövləti- Azərbaycanı, Türkiyəni və Rusiyanı kənarda qoyan Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizini işə salmaq üçün cəhdlər göstərirlər. Ancaq regionda xüsusi çəkisi olan bu üç mühüm dövlətin iştirak etmədiyi layihələrin reallaşması mümkün deyil və Ermənistanın, İranın, Yunanıstanın aktiv rol aldığı bu təşəbbüsün uğursuzluğa düçar olacağı şübhə doğurmur.

 

Abutalıb SƏMƏDOV,

Azərbaycan Naminə Alyans Partiyasının sədri


скачать dle 12.1
Geri qayıt