Bu iradə milli iradədir və sosial sifarişdir

Partiya sədri: «Bütün imkanlarımızla dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq»
«Bu çox mühüm və məsuliyyətli günlərdə Azərbaycanda fəaliyyət göstərin 50 siyasi partiyanın həmrəy olaraq Ali Baş Komandanı dəstəkləməsi,atılan addımlar çox ciddi səmərə verir.Hesab edirəm ki, bəlkə də bugün toplanmış partiyalar gələcəkdə daimi çalışan bir məşvərət məclisinə belə çevrilə bilər ki,bu da səmərəli birnəticə verər».Bu fikirləri"Azad Azərbaycan"a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.
Partiya sədri qeyd edib ki, müharibə ilə bağlı, xususi olaraq ölkə Prezidentinin qətiyyətli addımları, həm də çox doğru düzgün zamanlanması ən təqdirəlayiq haldır: «Bu iradə milli iradədir və sosial sifarişdir.Bütün partiyaların bu məsələdə sərgilədiyi davranış da təbiidir, təəccüblü görünə bilməz. Biz 30 ildir bu günləri gözləyirik. Yenə də bəyan edirik ki,bütün imkanlarımızla dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq. Əlbəttə ki, indiki zamanda bizə qarşı olanlar da olacaq, bizim haqlı mövqelərimizimüdafiə edənlər də. Buna hazır olmaq lazımdır. Mənim dörd ölkənin səfirliyi ilə görüşlərim oldu. Onlara dövlətlərinin sərgilədiyi dəstək və ədalətli mövqeyə görə təşəkkürnamə və etimadnamə təqdim elədim. Ola bilər bu o qədər böyük bir hadisə deyil, amma hər halda onlar hiss elədilər ki, bizim dövlətə münasibətdə, ədalətli davranış da, ədalətsiz davranış da Azərbaycan cəmiyyətinin müxtəlif seqmentlərdən adekvat münasibətlə qarşılanır. Türkiyə, Pakistan, Ukrayna, Gürcüstan səfirliklərinə dediyim bir münasibəti sərgilədim. Çağırış edirəm ki, bəlkə digər partiyalar da ölkəmizin yanında olan, dəstək verən dövlətlərin səfirlərinə, birgə bəyanatlarla, məktublarla müraciət edə bilərlər. Ölkəmizə qarşı olanlara da yenə də birgə müraciət edə bilərik ki, onlar görsünlər, aparılan syasət ölkəmizdə müxalifət partiyaları tərəfindən izlənilir və adekvat da qiymətləndirilir».
Partiya sədrinin BMT ilə bağlı maraqlı fikirləri də bu günün tələbi kimi qəbul olunmalıdır: "Nəinki BMT-nin qınaqları gözlənilməlidi, əksinə biz BMT-yə müraciət etməliyik ki, artıq onların qətnamələrini Azərbaycan tərəfi icra edir. Azərbaycanın atdığı addımları da BMT-nin dəstəkləməsi lazımdı. Faktiki olaraq BMT-nin 4 qətnaməsinin Azərbaycan tərəfindən həyata keçirilməsi üçün ciddi addımlar atılırsa, BMT Azərbaycana hər mənada dəstək olmalıdır. Terrorçulardan təmizlənmiş ərazilərimizdə minalardan təmizlənmə ilə bağlı missiyalar hazırlanmalıdı, bərpa üçün vəsait ayırmalıdı və s. Mən düşünürəm ki, bununla bağlı BMT-yə müəyyən müraciətlər olunmalıdır".
F.Quliyev, Azərbaycan parlamentində ATƏT-in Minsk qrupu ilə bağlı fikirlər səslənməsinə münasibət bildirərkən qeyd edib ki, ATƏT-in Minsk qrupunda dəyişiklikdən daha çox, artıq onların kənarda qalması və BMT formatında danışıqların aparılması vacib məsələlərdən biridir:"İstəyirəm bildirəm ki, reinteqrasiya haqqında qanunun da qəbulu vacibdir. Mən bunu parlamentdə də qaldırmışdım. Çünki həm müharibənin gedişində, həm də müharibədən sonra ermənilər məğlubiyyət sənədinə imza qoyanda bu reinteqrasiya haqqında qanundakı müəyyən müddəalar lazım olacaqdır. Ona görə mən bunu da təklif olaraq bildirirəm. Mən bir daha Ali Baş Komandana qətiyyətli, çox doğru zamanlama ilə atdığı addımlara görə təşəkkür edirəm".
Bilman İSAQ