Azərbaycan-Almaniya əlaqələri yeni mərhələdə

Azərbaycan-Almaniya əlaqələri yeni mərhələdə
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu sənəd iki ölkənin iqtisadi münasibətlərinin yeni institusional mərhələyə keçidini təmin edir, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizmi formalaşdırır. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə malik olduğunu, ölkəmizdə Almaniyanın 200-dən çox şirkətinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirildi ki, sənaye, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə işgüzar dairələr arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda davamlı sülhün təmin edilməsinin vacibliyini də xüsusi qeyd etmişdir. Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini bildirən dövlət başçısı vurğulamışdır ki, sülh müqaviləsinin imzalanması regionun iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Görüşlərdə regional və beynəlxalq gündəlikdə duran məsələlər də müzakirə edildi. Prezident İlham Əliyev Cənubi Qafqazda postmünaqişə dövründə yaranmış yeni reallıqlar, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bölgədə uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması üçün ardıcıl siyasət həyata keçirir.
Türkanə Mübariz
скачать dle 12.1
Geri qayıt