Humanitar əməkdaşlıq Azərbaycan-Almaniya strateji tərəfdaşlığının mühüm istiqamətidir

Humanitar əməkdaşlıq Azərbaycan-Almaniya strateji tərəfdaşlığının mühüm istiqamətidir
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi xarici siyasətin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və səsləndirilən mühüm bəyanatlar göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur. Strateji dialoqun başlanması, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin milli maraqlarına cavab verməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin möhkəmlənməsinə əlverişli şərait yaradır.
Dövlət başçısının vurğuladığı kimi, imzalanmış sənədlər Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edən möhkəm siyasi və hüquqi baza formalaşdırır. Strateji dialoq mexanizminin yaradılması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan yeni təşəbbüslərin reallaşdırılması gələcək əlaqələrin inkişaf dinamikasını müəyyənləşdirəcək. Uzun illər ərzində Avropanın etibarlı tərəfdaşı kimi tanınan Azərbaycan bu gün Almaniya kimi nüfuzlu dövlətlə strateji gündəlik formalaşdırmaqla beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir.
İqtisadi münasibətlər Azərbaycan-Almaniya əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq inkişaf etməkdədir. Hazırda ölkəmizdə 200-dən artıq Almaniya şirkətinin uğurla fəaliyyət göstərməsi biznes əlaqələrinin genişlənməsinin bariz nümunəsidir. Almaniyanın sənaye, yüksək texnologiyalar, logistika, innovasiya və alternativ enerji sahələrində qazandığı təcrübə Azərbaycanın iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı investisiyaların artırılması və Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər yaxın perspektivdə yeni investisiya layihələrinin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq Prezident İlham Əliyevin Almaniyada səsləndirdiyi mühüm mesajların əsas istiqamətlərindən birini təşkil etdi. Dövlət başçısı vurğuladı ki, uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması regionda sabitliyin möhkəmlənməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni mərhələ yaradıb. Bu prosesdə Almaniyanın dialoqu təşviq edən mövqeyi və sülh gündəliyinə verdiyi dəstək yüksək qiymətləndirildi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən sonra Azərbaycanın irəli sürdüyü praktiki təşəbbüslər bölgədə etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin bərpasına və kommunikasiyaların açılmasına xidmət edir. Ermənistanın enerji təminatında Azərbaycan mənşəli yanacağın istifadəsi, eləcə də Azərbaycan ərazisi vasitəsilə tranzit daşımalarının genişlənməsi regionda qarşılıqlı asılılığa əsaslanan yeni əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir.
Azərbaycan–Almaniya əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsini təmin edib. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhlizin strateji əhəmiyyətinin artması, eləcə də Azərbaycanın Orta Asiya ilə Avropa arasında etibarlı əlaqələndirici rolunu daha da möhkəmləndirib. Logistika, mühəndislik və innovativ nəqliyyat həlləri sahəsində zəngin təcrübəyə malik Almaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara tam cavab verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, səfər zamanı müxtəlif istiqamətlər üzrə konkret fəaliyyət mexanizmləri müzakirə olunub, imzalanmış sənədlərin operativ icrasını təmin etmək məqsədilə işçi qruplarının yaradılması barədə razılıq əldə edilib. Bu yanaşma qəbul olunmuş qərarların praktik nəticələrə çevrilməsinə və strateji tərəfdaşlığın uzunmüddətli inkişafına əlverişli zəmin formalaşdıracaqdır.
Prezident İlham Əliyevin çıxışında geniş yer ayırdığı əsas məsələlərdən biri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar və sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması oldu. Dövlət başçısı vurğuladı ki, uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin arxada qalması regionun inkişafı üçün tamamilə yeni perspektivlər açıb. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edildikdən sonra qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, kommunikasiyaların bərpası və iqtisadi inteqrasiyanın genişlənməsi istiqamətində ardıcıl addımlar atılır. Bu prosesdə Almaniyanın nümayiş etdirdiyi konstruktiv yanaşma və diplomatik səylər yüksək dəyərləndirildi. Münaqişədən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi praktiki təşəbbüslər, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, regionda qarşılıqlı faydalı münasibətlər sisteminin formalaşdığını göstərir. Bütün bunlar Cənubi Qafqazın uzunmüddətli sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılan mühüm addımlar kimi diqqət çəkir.
Azərbaycan ilə Almaniya arasında formalaşan strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri də humanitar və mədəni əməkdaşlıqdır. Dövlətlərarası münasibətlərin davamlılığı siyasi və iqtisadi maraqlarla yanaşı, xalqlar arasında qarşılıqlı etimadın, mədəni dialoqun və mənəvi yaxınlığın inkişafından da asılıdır. Azərbaycan tarixən multikulturalizm, tolerantlıq və mədəni müxtəliflik dəyərlərini yaşadan ölkə kimi beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə ardıcıl diqqət yetirir. Avropanın aparıcı elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Almaniya ilə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı maraqlara əsaslanır və yeni perspektivlər açır. Mədəniyyət günlərinin təşkili, teatr və muzeylər arasında birgə layihələrin həyata keçirilməsi, ali təhsil müəssisələrinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və alim mübadiləsi proqramlarının inkişafı, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri və ortaq elmi-mədəni təşəbbüslər iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və humanitar əlaqələrin daha da zənginləşməsinə əlverişli zəmin yaradır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin tarixi-mədəni irsi, qədim şəhərsalma ənənələri, memarlıq abidələri, teatr və musiqi mühiti, eləcə də elmi-təhsil potensialı ilə beynəlxalq humanitar əməkdaşlıq üçün əlverişli imkanlara malikdir. Bu baxımdan Naxçıvan Azərbaycan–Almaniya münasibətlərinin humanitar ölçüsünə yeni məzmun qazandıra biləcək mühüm mədəni platformalardan biri kimi çıxış edə bilər. Mədəniyyət və incəsənət layihələrinin reallaşdırılması, teatr festivalları və sərgilərin təşkili, universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi, elmi konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının inkişafı, ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsi, elmi konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının inkişaf etdirilməsi, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri iki ölkə arasında humanitar əlaqələrin daha da dərinləşməsinə, mədəni dialoqun genişlənməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yeni imkanlar açır.
Milli Məclisin Humanitar siyasət komitəsinin fəaliyyət istiqamətləri kontekstində Azərbaycan-Almaniya əməkdaşlığının humanitar məzmununun daha da zənginləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə humanitar siyasət mədəniyyət və təhsil sahələri ilə məhdudlaşmır; o, milli-mənəvi dəyərlərin qorunmasını, mədəni irsin gələcək nəsillərə ötürülməsini, beynəlxalq humanitar dialoqun genişləndirilməsini, gənclərin və yaradıcı ziyalıların qlobal layihələrdə fəal iştirakının təşviqini də özündə ehtiva edir. Azərbaycan ilə Almaniya arasında formalaşan strateji tərəfdaşlıq bu istiqamətlər üzrə yeni əməkdaşlıq formatlarının meydana çıxmasına əlverişli imkan yaradır. Yaradıcı sənayelər, rəqəmsal mədəniyyət, kino, teatr, muzey işi, kitabxana sistemi, mədəni irsin mühafizəsi və elmi-tədqiqat sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi hər iki ölkənin humanitar əlaqələrinin məzmununu daha da zənginləşdirə, ortaq layihələrin reallaşmasına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edə bilər.
Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, 2026-cı il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından əlamətdar dövr kimi yadda qalır. Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə səfərləri, Almaniya ilə strateji tərəfdaşlıq gündəliyinin rəsmiləşdirilməsi və siyasi dialoqun yeni mərhələyə yüksəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Bu dinamikanın əsasında dövlətimizin milli maraqlara söykənən ardıcıl xarici siyasət kursu, praqmatik diplomatiyası və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq modeli dayanır. Məhz bu siyasət Azərbaycanın həm Avropa məkanında, həm də daha geniş beynəlxalq platformalarda etibarlı, məsuliyyətli və təşəbbüskar tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.
Azərbaycan ilə Almaniya arasında imzalanmış "İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə münasibətlərin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirən mühüm siyasi sənədlərdir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirməklə, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar formalaşdırır. Eyni zamanda, elm, təhsil, mədəniyyət, humanitar əlaqələr və elmi-tədqiqat istiqamətlərində birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin intensivləşdirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması baxımından da mühüm perspektivlər açır. Bu baxımdan imzalanmış sənədlər Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf strategiyasını müəyyən edən mühüm yol xəritəsi kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişaf salnaməsində mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər strateji tərəfdaşlığın daha da dərinləşməsi, siyasi dialoqun yeni məzmun qazanması və humanitar əməkdaşlığın genişlənməsi üçün möhkəm siyasi və institusional zəmin yaradır.
Müasir beynəlxalq münasibətlər sistemində mədəniyyət, elm və humanitar dəyərlər dövlətlər arasında etimadın möhkəmlənməsində, xalqların yaxınlaşmasında və qarşılıqlı anlaşmanın inkişafında mühüm amillərdən biridir. Bu baxımdan Azərbaycan ilə Almaniya arasında yüksələn əməkdaşlıq dinamikası iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında sabitliyin möhkəmlənməsinə, regional dialoqun genişlənməsinə və davamlı inkişaf üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına əlverişli zəmin yaradır.

Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
скачать dle 12.1
Geri qayıt