Azərbaycan Ordusu – gücün, qəhrəmanlığın və Zəfərin rəmzi

Azərbaycan Ordusu – gücün, qəhrəmanlığın və Zəfərin rəmzi
Hərb tariximizin şərəfli səhifələrindən biri olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi birləşmə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin formalaşdırılması istiqamətində atılmış mühüm tarixi addım idi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin vaxtdan etibarən bu əlamətdar tarix hər il ölkəmizdə dövlət bayramı kimi təntənə ilə qeyd olunur.
Azərbaycan dövlətinin hərbi potensialının gücləndirilməsi və peşəkar zabit kadrlarının hazırlanması istiqamətində Ümummilli Lider Heydər Əliyev mühüm addımlar atmışdır. Bu məqsədlə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalanmış, milli hərbi təhsil sisteminin inkişafı üçün möhkəm zəmin formalaşdırılmışdır.
2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələrin yaranmasının 95 illiyi münasibətilə möhtəşəm hərbi paradlar keçirilmişdir. Bu tədbirlər Azərbaycan Ordusunun artan gücünü, döyüş qabiliyyətini və müasir inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz olunmuş, idarəetmə sistemi təkmilləşdirilmiş, şəxsi heyətin peşəkarlığı və döyüş ruhu daha da yüksəldilmişdir.
Prezident İlham Əliyev bu barədə demişdir:
"Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən üç ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi."
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək cəmi 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, hərb tariximizin ən parlaq səhifəsinə çevrildi.
Azərbaycan Ordusunun tətbiq etdiyi müasir döyüş taktikası, xüsusilə Şuşa əməliyyatı, bu gün dünyanın bir sıra qabaqcıl hərbi təhsil müəssisələrində öyrənilən uğurlu hərbi əməliyyat nümunələrindən biri hesab olunur.
Vətən müharibəsində 2900-dən çox qəhrəman əsgər və zabitimiz torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Onların göstərdiyi misilsiz qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirildi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə döyüşlərdə fərqlənən hərbi qulluqçular müxtəlif orden və medallarla təltif olundular.
Müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun gücləndirilməsi ardıcıl şəkildə davam etdirilir. Yeni komando hərbi hissələrinin yaradılması, müasir silah və hərbi texnika ilə təminatın artırılması, peşəkar hazırlığın daha da təkmilləşdirilməsi ordumuzun döyüş qabiliyyətini yeni mərhələyə yüksəldib.
Bu gün xalqımızın 30 illik həsrətinə son qoyan qəhrəman Ordumuz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində inamla dayanır. "Dəmir yumruq" iradəsini nümayiş etdirən Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin ən etibarlı təminatçısı olaraq regionun ən güclü ordularından biri kimi inkişafını uğurla davam etdirir.
Türkanə MÜBARİZ
скачать dle 12.1
Geri qayıt