İran BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərini ikiüzlülükdə ittiham edib

İran BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərini ikiüzlülükdə ittiham edib
İran BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin ölkənin nüvə proqramı ilə bağlı əsassız ittihamlar səsləndirdiyini və ikili standartlar nümayiş etdirdiyini bəyan edib.
GunAz.az xəbər verir ki, bu barədə İranın BMT yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının İran sanksiyalarına həsr olunmuş iclasında bəzi ölkələr ABŞ və İsrailin dezinformasiya kampaniyasını təkrarlayaraq Tehranın dinc nüvə proqramına qarşı əsassız iddialar irəli sürüblər.
İran diplomatik missiyası vurğulayıb ki, ölkə 50 ildən artıqdır ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) məsul iştirakçısıdır və heç vaxt nüvə silahına sahib olmağa çalışmayıb.
"Yayılmama rejimi üçün əsl təhlükə beynəlxalq hüquqa və bu rejimə dəstək verdiyini iddia edən, lakin mühafizə altında olan dinc nüvə obyektlərinə hücum edən şəxslərin cəzasız qalmasıdır", - bəyanatda bildirilib.
Nümayəndəlik həmçinin qeyd edib ki, İranın nüvə proqramı ətrafında yaranmış hazırkı vəziyyət ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmasının, Böyük Britaniya, Almaniya və Fransanın öhdəliklərini yerinə yetirməməsinin, eləcə də ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumların nəticəsidir.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiyanın qurum yanında daimi nümayəndəsi Vasili Nebenzya isə bildirib ki, İranla bağlı sanksiyalar məsələsinin siyasiləşdirilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı fəaliyyətinin bərpasına maneə törədəcək.Teleqraf
скачать dle 12.1
Geri qayıt