Enerji Diplomatiyasında Azərbaycanın Güclənən Mövqeyi
Prezident İlham Əliyevin 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda dövlət başçısının çıxışı Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolunu, yeni enerji çağırışlarına yanaşmasını və strateji hədəflərini əks etdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər.
Son illər dünyada enerji bazarında müşahidə olunan qeyri-sabitlik, geosiyasi qarşıdurmalar və enerji resurslarına tələbatın artması fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləməyi bacarıb. Məhz bu amil ölkəmizin beynəlxalq enerji layihələrindəki rolunu daha da gücləndirib. Prezident İlham Əliyevin forumdakı çıxışı göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız milli maraqlar üzərində deyil, həm də regional və qlobal əməkdaşlıq prinsipləri əsasında qurur.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji təhlükəsizliyi məsələsi oldu. Hazırda Avropanın enerji təchizatında mühüm yer tutan Azərbaycan öz resurslarını dünya bazarlarına sabit və etibarlı şəkildə çatdırmaqla beynəlxalq tərəfdaşlarının etimadını qazanıb. Xüsusilə son illərdə Azərbaycan qazının Avropa ölkələrinə ixracının genişlənməsi ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bu gün enerji təhlükəsizliyi anlayışı artıq təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qəbul olunur və Azərbaycan bu sahədə mühüm aktorlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji istiqamətində həyata keçirilən layihələrin də xüsusi vurğulanması təsadüfi deyil. Azərbaycan artıq enerji keçidinin fəal iştirakçılarından birinə çevrilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” layihələri, Xəzər dənizinin böyük külək enerjisi potensialı və beynəlxalq investorlarla əməkdaşlıq ölkənin enerji strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu siyasət Azərbaycanın gələcəkdə həm neft-qaz ixracatçısı, həm də alternativ enerji istehsalçısı kimi tanınmasına xidmət edir.
Forumun Bakıda keçirilməsi də özlüyündə mühüm siyasi və iqtisadi mesajdır. Bu tədbir artıq uzun illərdir ki, Xəzər regionunun ən nüfuzlu enerji platformalarından biri hesab olunur. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, beynəlxalq enerji şirkətlərinin rəhbərlərinin və ekspertlərin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq enerji dialoqunun mərkəzlərindən birinə çevrildiyini göstərir.
Prezident İlham Əliyevin forumdakı çıxışının əsas mahiyyəti ondan ibarət idi ki, Azərbaycan enerji sektorunda əldə etdiyi nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. Ölkə həm enerji ixracının coğrafiyasını genişləndirmək, həm yeni texnologiyalara əsaslanan layihələr həyata keçirmək, həm də yaşıl enerji sahəsində regional lider mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. Bu isə Azərbaycanın gələcək onilliklərdə də qlobal enerji xəritəsində mühüm yer tutacağını göstərən əsas amillərdən biridir.
31-ci “Baku Energy Forum”un açılışında səsləndirilən mesajlar bir daha təsdiqlədi ki, enerji siyasəti Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və xarici siyasət strategiyasının əsas sütunlarından biri olaraq qalır. Mövcud geosiyasi şəraitdə ölkənin həyata keçirdiyi balanslaşdırılmış və uzaqgörən enerji siyasəti Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirir və onu qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarından birinə çevirir.
Mahir HÜSEYN
