Azərbaycanın müstəqillik SALNAMƏSİ

Azərbaycanın müstəqillik SALNAMƏSİ

XIX əsrin sonu – XX əsrin əvvəllərində dünyada mürəkkəb siyasi və inqilabi proseslər baş verirdi. 1917-ci il Fevral inqilabı Çar Rusiyasının süqutu ilə nəticələndi, Oktyabr inqilabından sonra isə regionda yeni geosiyasi vəziyyət yarandı. Məhz belə bir tarixi şərait Azərbaycan xalqının milli azadlıq hərəkatının güclənməsinə, istiqlal uğrunda mübarizəsinin təşkilatlanmasına təkan verdi.

1918-ci il mayın 28-də Tiflisdə Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Ağaoğlu və digər milli liderlərin iştirakı ilə “İstiqlal Bəyannaməsi” qəbul olundu və yeni dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi. Bu sənəd müstəqil Azərbaycanın dünyaya ilk rəsmi müraciəti idi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşdü.

Yeni yaradılmış hökumət fəaliyyətə əvvəlcə Tiflisdə başladı, daha sonra isə Gəncəyə köçürüldü. “İstiqlal Bəyannaməsi”ndə müstəqil dövlətin sərhədləri müəyyənləşdirilir, hakimiyyətin xalqa məxsus olduğu vurğulanır, bütün vətəndaşların milli, dini, sosial və cinsi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğu bəyan edilirdi. Eyni zamanda hakimiyyət bölgüsü prinsipi əsas götürülərək demokratik hüquqi dövlət quruculuğu qarşıya məqsəd kimi qoyulmuşdu.

1918-ci il mayın 30-da Azərbaycanın müstəqilliyi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramlar göndərildi. Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı Nazirlər Şurası idi və hökumət parlament qarşısında məsuliyyət daşıyırdı.

Qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlament və hökumət formalaşdırıldı, dövlət aparatı yaradıldı, sərhədlər müəyyənləşdirildi, dövlət bayrağı, gerbi və himni qəbul edildi. Azərbaycan dili dövlət dili elan olundu, milli ordunun yaradılmasına başlanıldı. Təhsil, maarif və mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət ayrıldı, ilk universitetin təsis olunması ilə dünyəvi dövlət modelinin əsasları daha da möhkəmləndirildi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın milli azadlıq arzularının məntiqi nəticəsi kimi qiymətləndirərək deyirdi:

“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın milli azadlıq və müstəqillik duyğuları ilə yaşaması ilə bağlı idi.”

Cümhuriyyətin beynəlxalq aləmdə tanınması istiqamətində də mühüm uğurlar əldə olundu. Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi müttəfiq dövlətlər tərəfindən tanındı. Parlamentin qəbul etdiyi qanunlar ölkədə demokratik idarəçiliyin, siyasi və iqtisadi inkişafın formalaşmasında mühüm rol oynadı.

1918-ci ilin avqustunda qəbul edilən “Xalq maarifinin və məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədrisin ana dilində aparılmasına başlanıldı. 1919-cu ilin sentyabrında isə parlament Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdi. Eyni zamanda hüquq sisteminin formalaşdırılması istiqamətində Ədliyyə Nazirliyi və məhkəmə orqanları təsis edildi.

Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal etdi və Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Buna baxmayaraq, xalqın azadlıq ruhunu və istiqlal arzularını məhv etmək mümkün olmadı. Sovet dövründə də müstəqillik ideyası xalqın yaddaşında yaşamaqda davam etdi.

Məmməd Əmin Rəsulzadə həmin dövrü belə xarakterizə etmişdi:

“Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Bir kərə yüksələn bayraq bir daha enməz.”

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etdi. Həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı təsdiqləndi. Bu sənəddə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu rəsmən bəyan edildi.

Müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri qorundu, ordu quruculuğu gücləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı.

Bu siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi:

“Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi ən vacib məsələlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını biz bu gün reallığa çevirmişik.”

Bu gün dünya dövlətləri müasir Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu qəbul edir. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi yaşayır və Ulu Öndər Heydər Əliyevin söylədiyi məşhur fikir dövlətçiliyimizin əsas ideoloji sütunlarından biri kimi səslənir:

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

Səbinə XASAYEVA
Milli Məclisin deputatı

скачать dle 12.1
Geri qayıt