Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilib

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq modelinə çevrilib

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də ölkəmizə səfər etməsi də qarşılıqlı əlaqələrimizin güclənməsindən xəbər verir. Liderlərin görüşündə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər həyatda da öz əksini tapır.

Səfərin diqqətçəkən tərəflərindən biri də Ciorcia Meloninin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi idi. Ölkə rəhbəri bu məqamın xüsusi rəmzi məna daşıdığını vurğulayaraq, bunu Azərbaycana göstərilən hörmət və balanslı yanaşmanın göstəricisi kimi qiymətləndirdi. Bu, İtaliyanın Cənubi Qafqaz siyasətində praqmatik və çoxtərəfli mövqe tutduğunu göstərir.

Prezident bildirib ki, Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyədədir və iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsində əməkdaşlığın xüsusi yer tutduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb.
İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya bazarı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Ötən il ixrac edilən 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliyaya göndərilib. Bu həcmin artırılması məqsədilə tərəflər arasında müzakirələr aparılıb və bu istiqamətdə Trans Adriatic Pipeline layihəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Prezident əlavə edib ki, enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.


Türkanə Mübarizскачать dle 12.1
Geri qayıt