Bakı ilə Vaşinqton arasında münasibətlər strateji və qlobal xarakter daşıyır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin dərindən inkişaf etdiyini bir daha nümayiş etdirdi. Cənab Prezident ötən ilin avqust ayında Ermənistan və Azərbaycanın Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişini parafladığını və ABŞ Prezidentinin şahid qismində imzaladığı Sülh haqqında Birgə Bəyannamənin regionda yeni reallıqlar yaratdığını xatırlatdı. Altı aydır regionda sülh şəraitinin hökm sürdüyünü bildirən Prezident İlham Əliyev “biz sülh içində yaşamağı öyrənirik” fikri ilə bu tarixi mərhələnin əhəmiyyətini xüsusi vurğuladı.
Prezident İlham Əliyev Tramp-Vens administrasiyasının regiondakı səylərinin mühüm nəticələrindən biri kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, bu layihə təkcə Azərbaycanın iki hissəsini – əsas ərazisini və Naxçıvan Muxtar Respublikasını birləşdirmir, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı əlaqələndirən etibarlı, təhlükəsiz və böyükmiqyaslı nəqliyyat dəhlizidir.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, ABŞ-ın yüksək səviyyəli nümayəndəsinin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun intensivliyinin göstəricisidir. Bu səfər qarşılıqlı etimadın möhkəmləndiyini, tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiyini və əlaqələrin yeni strateji çərçivədə inkişaf etdiyini təsdiqləyir. Dövlət başçısı bildirdi ki, Azərbaycan və ABŞ uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev ABŞ-ın vitse-prezidenti ilə keçirilən görüşdə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu diqqətə çatdırdı. O bildirdi ki, ABŞ şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və bu fəaliyyət müsbət təcrübə kimi qiymətləndirilir. Yeni mərhələdə investisiya əməkdaşlığının genişləndirilməsi, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət başçısının bəyanatında Azərbaycanın geosiyasi mövqeyinə ayrıca toxunuldu. Prezident qeyd etdi ki, Azərbaycan Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən mühüm nəqliyyat və logistika qovşağıdır. Bu baxımdan ABŞ ilə əməkdaşlıq regional və qlobal ticarət əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizləri qlobal iqtisadi inteqrasiyaya xidmət edir.
Türkanə Mübariz
