Mükafat və çıxışın ƏSAS MESAJLARI

Mükafat və çıxışın ƏSAS MESAJLARI

Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Təqdimolunma Mərasimində Çıxışı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bu gün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib və iştirakçıların qarşısında çıxış edib. 

Mərasim BƏƏ milli himninin səsləndirilməsi ilə başlayıb, ardından mükafatın məqsədi və mənasını əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən Prezidentlər və Baş Nazirlərin, o cümlədən Rəcəb Tayyib Ərdoğan, Kasım-Comərt Tokayev, Şavkat Mirziyoyev, Məhəmməd Şahbaz Şərif, Sadır Cəparov, Cosef Aun kimi dövlət və hökumət nümayəndələrinin təbrik videomüraciətləri təqdim olunub. 

“Zayed İnsan Qardaşlığı Mükafatı” – dünya sülhü, qarşılıqlı hörmət və insan həmrəyliyi kimi ali insan dəyərlərinin təşviqinə xidmət edən beynəlxalq bir mükafatdır. Bu il mükafat həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana sülhə verdikləri töhfələrə görə təqdim olunub. 

Prezident İlham Əliyev çıxışında tədbirin təşkilatçılarına və münsiflər heyətinə minnətdarlığını bildirib, bu mükafata layiq görülməyin Azərbaycan üçün böyük şərəf olduğunu vurğulayıb. Şeyx Zayed bin Sultan Al Nəhyanın irsinə və Birləşmiş Ərəb Əmirliklərinin sülh və dialoq təşəbbüslərinə yüksək qiymət verərək, sülh prinsiplərinin universal dəyər olduğunu bir daha təsdiqləyib. 

Prezident Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhə doğru əldə edilmiş irəliləyişlər yalnız region üçün deyil, həm də geniş miqyasda dialoq və qarşılıqlı anlaşma nümunəsidir. O, 30 ildən artıq davam edən münaqişədən sonra altı aydır ki, sülh şəraitində yaşamağın vacibliyini xüsusilə vurğulayıb və dialoqun nəticələrinin hər kəs üçün faydalı olduğunu bildirib. 

Dövlət başçısı çıxışını belə yekunlaşdırıb: “Zayed İnsan Qardaşlığı Mükafatı təkcə təntənəli bir tədbir deyil, bütöv bəşəriyyət üçün sülh və qarşılıqlı hörmət çağırışıdır. Biz birlikdə dinc və təhlükəsiz gələcək yarada bilərik.”

Bilman İSAQ

скачать dle 12.1
Geri qayıt