Sülh prosesi real nəticələrlə müşayiət olunur
2026-cı il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində tarixi çıxış etmişdir.
Şeyx Zayedin adını daşıyan mükafatın təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu mükafat sülhə xidmət edən liderlərin fəaliyyətini dəyərləndirir. Prezident İlham Əliyevin həmin siyahıda yer alması göstərir ki, Azərbaycan artıq təkcə regional aktor kimi deyil, həm də qlobal humanitar gündəliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi qəbul olunur.
Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Sülh sazişinin paraflanması, qarşılıqlı təmasların artması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası regionda yeni siyasi atmosfer formalaşdırır. Bu isə uzun illər davam edən qarşıdurmanın yerini əməkdaşlıq mühitinin tutduğunu göstərir. Dövlətimizin başçısının “Biz sülh şəraitində yaşamağı öyrənirik” fikri bütöv bir dövrün dəyişməsini ifadə edən siyasi etiraf kimi dəyərləndirilir. Çünki sülh təkcə silahların susması deyil, həm də etimadın yenidən qurulması deməkdir.
Dövlət başçısı sivilizasiyalararası münasibətlərin gələcəyinə toxunaraq xüsusi olaraq bildirdi: "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh, mehribanlıq və ləyaqət şəraitində yaşadığı bir məkan olub. Bu gün biz multikulturalizmi dövlət siyasətimizin əsası kimi görürük və hesab edirik ki, bu, dünyada davamlı sülhə nail olmağın yeganə yoludur." O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bütün dini-mədəni abidələri eyni qayğı ilə bərpa etməsini bu fikirlərinin əməli sübutu kimi təqdim etdi. Prezident həmçinin qeyd etdi ki, sülh və qardaşlıq sadəcə bir çağırış deyil, hər bir dövlətin öz fəaliyyətində rəhbər tutmalı olduğu ali prinsipdir. Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, insan qardaşlığı ideyasının qorunması yalnız dövlətlərin deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətidir. Qlobal problemlərin həlli kollektiv səylər, qarşılıqlı anlaşma və dialoq tələb edir. Azərbaycanın mövqeyi aydındır: sülh, ədalət və insan ləyaqəti beynəlxalq siyasətin əsas prioritetləridir.
Türkanə Mübariz