İdman siyasətinin ən mühüm hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır

İdman siyasətinin ən mühüm hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır

2025-ci il idmanımızın uğurları

2025-ci il Azərbaycan idmanı üçün mühüm uğurlar və yaddaqalan nailiyyətlərlə zəngin bir il kimi tarixə düşmüşdür. İl ərzində idmançılarımız beynəlxalq arenalarda əldə etdikləri qələbələrlə ölkəmizin idman nüfuzunu daha da yüksəltmiş, Azərbaycan bayrağını nüfuzlu yarışlarda dalğalandırmışlar. Bu uğurların məntiqi yekunu olaraq cənab Prezident İlham Əliyevin idmançılarla keçirdiyi görüş dövlətin idmana verdiyi yüksək dəyərin bariz nümunəsi olmuşdur. Bu görüşün ictimai əhəmiyyəti xüsusilə böyükdür. İlk növbədə, cənab Prezidentin idmançılarla birbaşa ünsiyyəti cəmiyyətdə dövlət-idmançı münasibətlərinin möhkəmliyini nümayiş etdirir, gənclər arasında idmana marağı artırır. İdman infrastrukturunun ölkə üzrə balanslı və davamlı şəkildə inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət başçısı idmanın yalnız paytaxtda deyil, bütün regionlarda əlçatan olmasını strateji vəzifə kimi müəyyən edib. Məhz bu yanaşma nəticəsində son illər ərzində ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri inşa olunaraq istifadəyə verilib. Bu obyektlər idmançı hazırlığının gücləndirilməsi ilə yanaşı, kütləviliyin artırılmasına, uşaqların və gənclərin sağlam həyat tərzinə cəlb edilməsinə geniş imkanlar açıb.

Son illər ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar, xüsusilə medal göstəricilərində müşahidə olunan davamlı artım məqsədyönlü və sistemli dövlət siyasətinin bariz nəticəsidir: Bu uğurlar ayrı-ayrı təsadüfi nailiyyətlər toplusu deyil, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi ardıcıl, prinsipial və uzunmüddətli diqqətin məntiqi davamıdır. Məhz dövlət başçısının siyasi iradəsi sayəsində Azərbaycanda idmanın inkişafı üçün güclü institusional baza formalaşdırılıb, federasiyaların fəaliyyəti təkmilləşdirilib, maddi-texniki təminat əhəmiyyətli dərəcədə gücləndirilib. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdikləri uğurlar Azərbaycanın dünya idmanında yerinin aydın mənzərəsini təqdim edir.

İdman infrastrukturunun inkişafı

İdman infrastrukturunun inkişafı strateji xarakter daşıyır və bu proses ölkə üzrə balanslı şəkildə həyata keçirilir. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayının 46-ya çatması idmanın bütün ölkə səviyyəsində inkişaf etdiyini göstərir. Bu obyektlər idmanın kütləviləşdirilməsi üçün əsas baza olmaqla yanaşı, regionların sosial həyatına yeni dinamika gətirir. Regionlarda yaradılmış müasir idman infrastrukturu gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və sosial aktivliyin artırılması baxımından mühüm rol oynayır. Eyni zamanda, bu komplekslər yerli istedadların üzə çıxarılmasına və onların peşəkar idmana inteqrasiyasına real imkanlar yaradır.

Xizək üzrə Dünya Kuboku

Xizək üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi idman tarixində yeni mərhələnin başlanğıcıdır. Bu tədbir ölkənin qış idman növləri üzrə potensialını beynəlxalq səviyyədə tanıdır və regionun turizm imkanlarını genişləndirir. Şahdağ Xizək Mərkəzində yaradılmış infrastruktur, yeni trasların istifadəyə verilməsi və özəl sektorun artan marağı bölgədə iqtisadi aktivliyi yüksəldir, minlərlə insan üçün yeni məşğulluq imkanları yaradır. Bu isə idmanın regional inkişafda katalizator rolunu açıq şəkildə göstərir.

2025-ci ilin idman yekunları 

2025-ci ilin idman yekunları bir daha sübut edir ki, idman artıq təkcə bir sahə deyil, dövlətin sosial, iqtisadi və humanitar siyasətinin mühüm tərkib hissəsidir. Sağlam cəmiyyətin formalaşdırılması, beynəlxalq nüfuzun möhkəmləndirilməsi, gənclərin düzgün istiqamətdə tərbiyəsi və milli birliyin gücləndirilməsi həmin siyasətin əsas nəticələridir. Bu xəttin davam etdirilməsi gələcək illərdə də idmanın ölkənin inkişaf modelində aparıcı rol oynayacağını və yeni uğurlara zəmin yaradacağını deməyə əsas verir.

Türkanə Mübariz

скачать dle 12.1
Geri qayıt