Tehranın Riyakarlığı və Bakının Qətiyyəti

Tehranın Riyakarlığı və Bakının Qətiyyəti

Tehranın Riyakarlığı və Bakının Qətiyyəti: Əlaqələrin Çətin Sınağı

Rəsmi Tehranın "Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir" bəyanatından dərhal sonra Xarici İşlər Nazirinin müavini Abbas Əraqçinin Bakıya səfəri ikitərəfli münasibətlərdə yaranmış gərginliyi azaltmaq üçün atılan vacib addım kimi qiymətləndirilmişdi. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşdə əməkdaşlıq, regional və qlobal məsələlərin müzakirə edildiyi rəsmən açıqlansa da, etibarlı mənbələr səfərin əsas məqsədinin qarşılıqlı ittiham kampaniyalarına son qoyulması üzrə razılıq əldə etmək olduğunu bildirirdi.

Lakin təəssüf ki, diplomatik görüşdən cəmi bir həftə keçməmiş, İran mediası yenidən Azərbaycana qarşı kütləvi hücuma başlaması Tehranın verdiyi sözə sadiq qalmaması ənənəsini bir daha təsdiqlədi.

Sözdə Əməkdaşlıq, Əməldə Hücum

Bu vəziyyət Azərbaycan ictimaiyyəti üçün sürpriz olmasa da, münasibətlərin mahiyyətini aşkar edir: Azərbaycan problemlərin həlli üçün təşəbbüskar kimi çıxış edir, rəsmi razılıq əldə olunur, lakin İran rəsmisi geri qayıdar-qayıtmaz hücum əmrinə start verilir.

Bu riyakar davranış İranın siyasi sistemindəki iki hakimiyyətlilik məsələsini bir daha gündəmə gətirir. Bir tərəfdən rəsmi instansiyalar diplomatik etiketə əməl edir, digər tərəfdən isə, bəzi daxili dairələr münasibətlərin normallaşmasına maneə törədən "müstəhəb deyil" (arzuedilməz) tipli radikal mövqelər sərgiləyir.

Tehran Niyə Azərbaycanı Hədəf Seçir?

İranın sözünün üstündə durmayaraq Azərbaycanı hədəf seçməsinin bir sıra daxili və xarici səbəbləri var:

  1. Daxili Böhranları Ört-Basdır Etmək: Ölkəmizin İrandakı nüfuzundan narahat olan mühafizəkar dairələr, əhalinin diqqətini daxili böhranlardan (susuzluq, yoxsulluq, enerji çatışmazlığı) yayındırmaq üçün "xarici düşmən" obrazından istifadə edir.

  2. Uğursuzluqları Gizlətmək: İsraillə münaqişələrdə biabır olan, yüksək rütbəli zabitləri və hətta nüvə alimləri hədəf alınan İran rejimi, uğursuzluqları ört-basdır etmək üçün hədəfi kənarda axtarır.

  3. Regional Nüfuz Qısqanclığı: Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Qərblə əlaqələri və xüsusilə də Zəngəzur dəhlizi layihəsi ilə regionda artan geostrateji rolu Tehranın maraqlarına cavab vermir.

Unutulmayan Həqiqətlər

Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən, İran tərəfindən bu cür riyakar münasibətlə qarşılaşır. Molla rejiminin sözdə neytral, əməldə isə təcavüzkar Ermənistanın ən böyük dəstəkçilərindən olduğu heç kimə sirr deyil.

Biz İranın keçmişdəki davranışlarını unutmuruq:

Qarabağ müharibəsi dövründə İran TIR-larının Xankəndiyə yanacaq və yük daşıması.

Azərbaycanın suveren ərazisi olan Xudafərin körpüsündə bayrağımız sancılarkən ordumuzun qarşısına İran hərbçilərinin çıxması.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi razılaşma imzaladıqda və Zəngəzur dəhlizi ilə bağlı anlaşma əldə ediləndə ilk naqis çıxan məhz İran oldu. O vaxt Ali Rəhbərin müşaviri Əli Əkbər Vilayətinin "Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq" deməsi siyasi komediya kimi qarşılanmışdı.

İranın bu cəfəngiyyat dolu total hücumu rəsmi Bakını yalnız mənəvi baxımdan narahat edə bilər, çünki ortada verilmiş bir sözə əməl olunmayıb. Lakin Azərbaycan ictimaiyyəti və rəsmi dairələri İranın bu cür ikili standartlı davranışlarına artıq öyrəşib və bu, ölkəmizin xarici siyasət kursunda qətiyyətindən dönməyəcəyinə dair inamı daha da artırır. Bakının münasibətlərin normallaşması üçün göstərdiyi səylər Tehrandan gələn mənfi reaksiyalar fonunda da öz əhəmiyyətini itirmir.

скачать dle 12.1
Geri qayıt