Azərbaycan dövlətçiliyinin dəyər və mənəviyyat zirvəsi
Azərbaycan xalqının yaddaşında elə şəxsiyyətlər vardır ki, onların həyat yolu, fəaliyyəti və dövlət qarşısındakı əvəzolunmaz xidmətləri zaman keçdikcə daha dərindən dərk olunur, dəyəri daha böyük hörmətlə anılır. Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi simalardandır. Onun adı müasir Azərbaycan dövlətinin quruculuğu, milli ideologiyanın formalaşması, xalqın inkişaf strategiyasının müəyyənləşməsi və müstəqilliyin əbədiliyi ilə ayrılmaz şəkildə bağlıdır. Hər il 12 dekabrda qeyd edilən Anım günü təkcə bir xatırlama mərasimi deyil, həm də Heydər Əliyevin dahiliyinə, müdrikliyinə, uzaqgörənliyinə və Azərbaycan dövlətçiliyi naminə gördüyü nəhəng işlərə hörmətin təntənəsidir.
Heydər Əliyevin ictimai-siyasi fəaliyyətə gəlişi
Heydər Əliyevin ictimai-siyasi fəaliyyətə gəlişi XX əsr Azərbaycan tarixində əsl dönüş nöqtəsi yaratdı. O, ölkəyə rəhbərliyinin ilk dövrlərindən başlayaraq Azərbaycan xalqının milli maraqlarını müdafiə edən, iqtisadiyyatın dirçəldilməsi, təhsil, mədəniyyət və sənayenin inkişafı üçün ardıcıl siyasət həyata keçirən dövlət xadimi kimi tanındı. Onun rəhbərliyi ilə Azərbaycan keçmiş ittifaq respublikaları içərisində sosial-iqtisadi göstəricilərinə görə ön sıralara yüksəldi, xalqın rifahı yaxşılaşdı, milli özünüdərk prosesi daha da gücləndi. Bu dövr Heydər Əliyevin xalqın inamını qazanması, böyük lider kimi yetişməsi ilə yadda qaldı.
1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkə ağır sınaqlarla üz-üzə qalmışdı. Daxili çəkişmələr, hakimiyyət böhranı, iqtisadi tənəzzül, sosial qarışıqlıq, müharibənin davam etməsi və separatçılıq təhlükəsi Azərbaycanı parçalanmaq həddinə gətirib çıxarmışdı. Belə bir vaxtda xalqın tək ümid yeri yenə Heydər Əliyev oldu. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər qısa müddətdə Azərbaycanı uçurumdan xilas etdi, dövlətçiliyin məhv olmaq təhlükəsini aradan qaldırdı və ölkədə sabitliyə nail oldu. Məhz bu dövr onun tarixi xilaskar missiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü.
Azərbaycan yeni inkişaf mərhələsindəHeydər Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Onun ən böyük dövlətçilik nailiyyətlərindən biri müasir neft strategiyasının formalaşdırılması oldu. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının başlanğıcı olan “Əsrin müqaviləsi” 1994-cü ildə imzalanmışdı. Bu müqavilə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan xüsusiəhəmiyyətə malik idi. O, Azərbaycanın müstəqil dövlət kimi mövqeyini gücləndirdi, regionda geosiyasi balans yaratdı, ölkəyə nəhəng investisiya axını təmin etdi və yeni iqtisadi modelin təməlini qoydu. Məhz bu strategiya sayəsində Azərbaycan sonrakı illərdə sürətli inkişaf yoluna qədəm qoydu, yüzlərlə yeni müəssisə, minlərlə iş yeri açıldı, ölkənin beynəlxalq nüfuzu xeyli artdı.
Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri də ordu quruculuğu idi. Müstəqilliyin ilk illərində dağınıq və zəif hərbi birləşmələrdən ibarət olan ordu Heydər Əliyevin rəhbərliyi ilə peşəkar, nizam-intizamlı və müasir standartlara cavab verən bir quruma çevrildi. Ordunu dövlətin sütunu adlandıran Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirirdi. Bu gün güclü Azərbaycan Ordusu, ölkəmizin hərbi qüdrəti və möhkəm müdafiə sistemi məhz Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində qurulub.
Dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasıDahi Liderin dövlətçilik fəlsəfəsinin əsasını azərbaycançılıq ideyası təşkil edirdi. O, milli həmrəyliyin, tolerantlığın və multikultural dəyərlərin qorunmasını ölkənin strateji prioriteti kimi müəyyənləşdirmişdi. Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, Azərbaycanda yaşayan bütün xalqların birgəyaşayış mədəniyyəti dövlətin ən böyük sərvətlərindən biridir. Bu yanaşma Azərbaycanı regionun ən tolerant və mədəni cəhətdən zəngin ölkələrindən birinə çevirdi.
Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı sahələrə elm, təhsil və mədəniyyət də daxil idi. Onun təşəbbüsü ilə respublikada yüzlərlə məktəb və mədəniyyət müəssisəsi tikildi, gənclərin inkişafı üçün geniş imkanlar yaradıldı. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gələcəyi savadlı, dünyagörüşlü və vətənpərvər gənclərdən asılıdır. Bu ideya bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Heydər Əliyevin dövlətçilik ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq arenadakı nüfuzunun yüksəlməsi, regional və qlobal layihələrin təşəbbüskarı kimi tanınması, eləcə də Qarabağın və Şərqi Zəngəzurun azadlığı bu böyük siyasətin məntiqi nəticəsidir. Bu uğurlar Heydər Əliyevin uzaqgörən ideyalarının nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir.
12 dekabr – Ulu Öndərin Anım günü – həm kədər, həm də qürur günüdür. Bu gün biz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, onun əvəzsiz xidmətlərini, xalqımız üçün gördüyü nəhəng işləri, müstəqil və güclü Azərbaycan naminə çəkdiyi zəhməti böyük minnətdarlıqla xatırlayırıq. Azərbaycan xalqı Heydər Əliyevi hər zaman öz qəlbində yaşadacaq, onun ideyaları gələcək nəsillərə yol göstərəcək. Ulu Öndərin həyatı tükənməyən bir məktəb, böyük dövlətçilik dərsidir. O, Azərbaycan xalqına yalnız müasir dövləti deyil, həm də əbədiyyətə uzanan inkişaf yolunu miras qoydu. Bu gün Azərbaycan onun müəyyən etdiyi strateji xətt üzrə inamla irəliləyir və bu irs gələcək nəsillər üçün ən qiymətli sərvətdir.
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Davrinbəyova Nuranə
