33 il sizinlə
Noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 33 il ötür.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
550 nəfərlik təşəbbüs qrupunun Naxçıvanda partiyanın təsis konfransını keçirməsi
Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri edir.
2005-ci il martın 26-da keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayının nəticəsi
2005-ci il martın 26-da keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyevin partiyanın yeni Sədri seçilməsi tarixi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev yolunu uğurla davam etdirərək, partiyanın siyasi xəttinin möhkəmlənməsinə və ölkədə davamlı sabitliyin təmin olunmasına töhfə vermişdir.
5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayının nəticəsi
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultay Yeni Azərbaycan Partiyasının tarixində mühüm mərhələ oldu. Qurultayda partiyanın yeni Proqramı və Nizamnaməsi qəbul edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması isə həm partiyanın, həm də ölkənin ictimai-siyasi həyatında yeni dinamika yaratdı. YAP-ın yeni Proqramı müasir dövrün çağırışlarına və qlobal tendensiyalara uyğun olaraq hazırlanmışdır.
Tarixi zəfərlərdən sonra keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri xalqın Yeni Azərbaycan Partiyasına olan güclü dəstəyinin göstəricisidir. 2024-cü ildə keçirilmiş prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevin qələbəsi cəmiyyətin YAP-ın siyasi kursuna olan dəstəyinin və inamının təzahürü oldu. Milli Məclisə seçkilərdə qazanılmış üstünlük, bələdiyyə seçkilərində əldə edilmiş parlaq nəticələr isə bu partiyanın ölkənin siyasi sistemində aparıcı mövqeyə malik olduğunu bir daha təsdiqlədi.
Türkanə Mübariz
