MDB Sammiti diplomatik müdrikliyin, milli iradənin qlobal miqyasda parlaq təzahürüdür

MDB Sammiti diplomatik müdrikliyin, milli iradənin qlobal miqyasda parlaq təzahürüdür

Tacikistan ilə Azərbaycan arasındakı münasibətlər son illərdə sabit və sistemli şəkildə inkişaf edir.

10 oktyabr 2025-ci il tarixində Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev bir sıra mühüm məqamları diqqətə çatdırdı. Onun çıxışı yalnız MDB-nin ümumi perspektivlərinə toxunmaqla kifayətlənmədi, həm də bölgə ölkələri, o cümlədən, Tacikistan - ilə Azərbaycan arasındakı əlaqələrin spesifik aspektlərinə xüsusi vurğu etdi.

Cənab Prezident İlham Əliyevin Düşənbədə söylədiyi kimi, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu cümlə Laçının taleyini, azadlığın bərpa etdiyi mənəvi qüdrəti bir ifadəyə sığdırır. MDB-nin mədəniyyət paytaxtı statusu Laçına verildisə, bu, artıq Azərbaycanın həm tarix, həm mədəniyyət, həm də gələcək baxımından bölgənin liderinə çevrildiyini göstərir. Bu liderliyin digər siması isə Gəncədir — Nizaminin şəhəri, mənəviyyatın və elmin paytaxtı. Burada keçirilən III MDB Oyunları bir idman yarışı olmaqdan çox, dostluğun, əməkdaşlığın və birliyin rəmzinə çevrildi. Cənab Prezident İlham Əliyev bu barədə deyirdi: “Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.” Gəncədə 13 ölkədən 1600-dən çox idmançı toplaşdı. Onların ayaq basdığı hər küçə, yarışdığı hər arena Azərbaycan qonaqpərvərliyinin, sabitliyinin və gücünün göstəricisi oldu.

Dövlət başçısı çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsinə göstərilən dəstəyə görə bütün MDB dövlət başçılarına təşəkkürünü bildirib. Prezident qeyd edib ki, bu qərar Azərbaycanın zəngin tarixi və mədəni irsinə olan hörmətin, həmçinin MDB məkanında humanitar əlaqələrin inkişafına verilən önəmin bariz göstəricisidir.

O, humanitar əməkdaşlığın əhəmiyyətinə toxunaraq xatırladıb ki, cari ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən qonaqlar şəhərin Ermənistanın 30 illik işğalından azad olunmasından sonra keçdiyi bərpa yolunu və qısa müddətdə əldə etdiyi dəyişiklikləri öz gözləri ilə görüblər.

Düşənbə çıxışı həm siyasi məzmun, həm də strateji mahiyyət baxımından regional diplomatiyada yeni səhifə açdı. İlham Əliyev MDB məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsi, suverenlik və bərabərlik prinsiplərinin qorunması istiqamətində açıq və prinsipial mövqeyini ortaya qoydu. Bu çıxış Azərbaycanın regional liderlik missiyasının təsdiqi olmaqla yanaşı, həm də müasir dövlətçilik və strateji uzaqgörənlik nümunəsi kimi dəyərləndirilə bilər.

Türkanə Mübariz
скачать dle 12.1
Geri qayıt