Diplomatlar ADA-da toplandı - Müşavirə

GunAz.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi − Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Çıxışlar zamanı Azərbaycan xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil olunub.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar müzakirə olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs olunub, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi qeyd edilib.
7-9 iyul tarixlərində davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalarının təşkili nəzərdə tutulur. İyulun 9-da Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.