Hər bir Azərbaycanlının QÜRUR GÜNÜ

Hər bir Azərbaycanlının QÜRUR GÜNÜ
Siyasi şərhçi Teyyub Qənioğlu
28 May 1918-ci ildə əsası qoyulmuş dövlətimiz əbədi var olacaqdır!
28 May - Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 
1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan AXC xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Ancaq mənfur şimal qonşumuzun təcavüzü 23 ay fəaliyyət göstərmiş AXC-nin fəaliyyətinə son qoysa da, xalqımızın müstəqillik əzmini qıra bilmədi və XX əsrin sonlarında, dağılmasında xalqımızın da önəmli rol oynadığı SSRİ-nin süqutu ilə, yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etdi. Lakin  Azərbaycanın müstəqilliyini həzm edə bilməyən türk düşmənləri  faşist Ermənistanını təhrik edərək, ona hərtərəfli hərbi, siyasi, maliyyə dəstəyi verərək torpaqlarımızın 20 faizinin işğalına nail oldular və 30 ilə yaxın əzəli və əbədi torpaqlarımızı əsarət altında saxlasalar da istəklərinə nail ola bilmədilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhraman əsgər və zabitlərimiz 44 gün ərzində torpaqlarmızı mənfur düşmənlərdən azad etdilər və ərrazi bütövlüyümüzü, süverenliyimizi bərpa etdilər! 
Müasir Azərbaycan müstəqil, azad, sülhsevər və güclü dövlətdir. Məlumdur ki, Ermənistan adlanan qondarma “dövlət” əzəli və əbədi Azərbaycan torpaqlarında formalaşdırılmışdır. Buna baxmayaraq, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Ermınistana qarşı ərazi iddiaları irəli sürmür, eyni zamanda  dinc yolla torpaqlarımıza qayıdacağımızı da istisna etmir. Azərbaycan dövləti öz siyasətini beynəlxalq hüquq normalarına BMT-nin, ATƏT-in prinsiplərinə uyğun olaraq həyata keçirilir, digər dövlətlərlə, eləcə də, qonşularımızla münasibətdə süverenliyi, ərazi bütövlüyünü, bir-birinin daxili işlərinə qarışmammağı üstün tutaraq müstəqil siyasət yürüdür. İnanırıq ki, bu siyasət nəticəsində 28 May 1918-ci ildə əsası qoyulmuş dövlətimiz əbədi var olacaqdır!Yaşasın müstəqil Azərbaycan dövləti!            
скачать dle 12.1
Geri qayıt