Ölkəmiz “Vahid Çin” siyasətini prinsipial şəkildə dəstəkləyir
Aprel ayının 23-24-də ölkə Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında rəsmi dövlət səfərində olub.
Səfər zamanı Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına müsahibə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfər zamanı Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibə isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Bu müsahibə yalnız Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyəsini əks etdirmədi, həm də Azərbaycanın beynəlxalq siyasətdə sərgilədiyi ardıcıl, prinsipial və qlobal əməkdaşlığa açıq yanaşmasını bir daha təsdiqlədi. Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı və 4-cü ticarət dövriyyəsi partnyorudur. Bu çərçivədə Çində artıq altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və Azərbaycan şərabının Çin bazarına çıxışı təmin olunub. Bununla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təkcə tranzit layihəsi deyil, həm də regional istehsal və logistika mərkəzlərinin yaradılması imkanlarını verdiyi xüsusi vurğulanır. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın daim "Vahid Çin" siyasətini dəstəklədiyini və Tayvan məsələsində Çinin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə dəstək verdiyini bir daha bəyan etdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və hüquqa əsaslanan mövqe tutduğunu göstərir. Azərbaycanın bu mövqeyi iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir və gələcək əməkdaşlığın etibarlı təməlini yaradır. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq sistemdə suverenlik və ərazi bütövlüyü prinsipinin qorunmasına verdiyi əhəmiyyəti nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin dostluq münasibətlərinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində iki ölkə arasında qarşılıqlı etimad və dostluq əlaqələri formalaşıb və bu gün bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin Azərbaycan-Çin Universitetinin yaradılması ideyasını irəli sürməsi isə bu sahədə əməkdaşlığın institusional səviyyəyə keçəcəyindən xəbər verir. Azərbaycanın Çin mədəniyyətinə və inkişaf modelinə göstərdiyi hörmət də diqqətəlayiqdir. Prezident Əliyev Çin liderinin dərin biliklərini, təvazökarlığını və dünya siyasətindəki mövqeyini yüksək qiymətləndirir.
Türkanə Mübariz