Azərbaycan COP29-da yüksək peşəkarlıq göstərdi

Noyabrın 11-23 tarixlərində dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi.
Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi.
Bilman İsaq