COP29 tarixi qərarlarla yadda qaldı

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim danışıqlarında əlamətdar hadisə kimi yadda qaldı. Azərbaycan qlobal əməkdaşlıq üçün ideal platforma olduğunu bir daha nümayiş etdirdi.
Genişmiqyaslı tədbirin öhdəsindən uğurla gələn Azərbaycan yüksək səviyyəli təşkilatçılıq qabiliyyətinə malik olduğunu dünyaya nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail oldu. Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi.
İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Belə ki, COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bakı artıq bütün dünyanın diqqət mərkəzində olan COP29 kimi dünya ictimaiyyəti üçün mühüm strateji xarakter daşıyan böyük tədbirə, bədxahlarımızın istəklərinin tam əksinə olaraq böyük uğurla yekun vurdu. COP29-un Bakıda keçirilməsi, ölkənin həm regionda, həm də dünya miqyasında ekoloji problemlərin həlli prosesinə töhfəsini gücləndirir. Dünyanın diqqətlə izlədiyi bu tədbirdə 196 ölkədən 72 min iştirakçı var idi.. Bu iştirakçıların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var idi. Beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan növbəti dəfə dünyaya artan nüfuzunu nümayiş etdirdi.
Türkanə Mübariz