Zəfər günü Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur.

Zəfər günü  Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur.
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən savaşı dünya hərb tarixinə düşən və şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən parlaq səhifəsidir.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın  30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. 
2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qarabağın tacı olan Şuşamızın azad edilməsi tam qələbəmizi müjdələyən zəfər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi əməliyyatlar dövründə göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd edir: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.” Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi. Azərbaycan Ordusunun 44 gündə erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Bundan böyük xoşbəxtlik ola bilərmi? 30 illik işğal dövrünün dağıntıları hazırda bərpa-quruculuq işləri ilə əvəzlənib. Tarixi sahibinə qovuşan torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Soydaşlarımızın Böyük Qayıdış proqramının uğurlu icrası nəticəsində qayıtdığı ünvanların sıralaması genişlənir. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Cənab Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynadı. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək onlardan nümunə götürəcəklər. Bu Qələbə yalnız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. 44 günlük müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Zəfər Günü Azərbaycanın öz torpaqlarını azad etməsi və milli birliyinin gücünü göstərməsi ilə yadda qaldı. Bu, xalqımız üçün böyük bir qürur mənbəyi oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və regionda yeni bir dövr başlatdı. Qarabağın azad edilməsi regionda yeni iqtisadi imkanlar, nəqliyyat yolları və diplomatik münasibətlərə təkan verdi. Zəfər Günü hər il qeyd olunaraq gələcək nəsillərə milli ruh, Vətən sevgisi və qətiyyət örnəyi kimi çatdırılır, Azərbaycanın tarixi və ərazi bütövlüyünü qorumaq əzminin simvolu kimi dəyərləndirilir.

Türkanə Mübariz
скачать dle 12.1
Geri qayıt