Azərbaycanın BRİCS-lə qarşılıqlı əməkdaşlığı...

Azərbaycanın BRİCS-lə qarşılıqlı əməkdaşlığı...

Ölkəmizin həm mühüm geo-strateji mövqedə yerləşməsi, həm də güclü dövlət olaraq tam müstəqil xarici siyasət yürütməsi bir çox beynəlxalq təşkilatlar kimi BRICS üzvləri ilə çoxşaxəli və zəngin iqtisadi münasibətlərin formalaşmasını şərtləndirib. 

Son illər ərzində yeni yaradılmış nəqliyyat infrastrukturunun vəziyyəti Azərbaycana həm Avropa, həm də Asiya ölkələri üçün etibarlı tərəfdaş statusunu qazandırıb. 2024-cü ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma oldu. Bu tədbirdə Prezident İlham Əliyev çıxış edərək dövlətimizin BRICS+ çərçivəsindəki perspektivlərini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi. Prezident İlham Əliyev qlobal təhlükəsizlik, enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. O, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı. Eyni zamanda, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynadığını, bölgədəki münaqişələrin həlli üçün konstruktiv yanaşmalar sərgilədiyini bildirdi.

Prezident İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında qeyd etdi ki, noyabrda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmət və dəstəyin parlaq sübutudur.COP29 konfransının ev sahibi kimi Azərbaycan qlobal iqlim dəyişikliyi məsələlərində həm qlobal cənub, həm də qlobal şimal arasında körpü rolunu oynayacağını nümayiş etdirir. Bu, çoxtərəfli əməkdaşlıq platformalarında Azərbaycanın bundan sonra da fəal rol oynayacağını və davamlı inkişaf üçün potensialını artıracağını göstərir. Prezident İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşündə COP29-un Azərbaycanda  keçirilməsi xüsusi qeyd edildi. Dilma Russeff bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulayaraq onu da bildirdi ki, iqlim maliyyələşməsi mövzuları beynəlxalq maliyyə institutlarının diqqət mərkəzindədir və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29 böyük önəm kəsb edir.
Cənab Prezident İlham Əliyevin XVI BRICS+ Sammitindəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu və BRICS+ platformasında əməkdaşlığın genişləndirilməsi istiqamətində irəliləyişlərə dair əhəmiyyətli bir mesaj oldu. Bu cür tədbirlər yalnız ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda, qlobal müstəvidə sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi üçün də vacibdir. BRICS+ formatında müzakirələrin davamı iştirakçı ölkələr arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın inkişafını təmin edəcək.

BRICS+ ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət mübadilələrinin genişlənməsi və investisiya axınının artırılması perspektivlərini ortaya qoyur. BRICS+ çərçivəsində maliyyə institutlarının yaradılması inkişaf etməkdə olan ölkələr üçün maliyyə resurslarına daha asan çıxış imkanı təmin edə bilər. BRICS Bankı (Yeni İnkişaf Bankı) və digər regional maliyyə strukturları vasitəsilə layihələrin maliyyələşdirilməsi, infrastruktura yatırımların artırılması və inkişaf strategiyalarının reallaşdırılması mümkündür.

Prezident İlham Əliyevin oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirakı Azərbaycanın beynəlxalq siyasi müstəvidəki nüfuzunu və rolunu daha da gücləndirməyə xidmət edir. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın çoxşaxəli beynəlxalq əməkdaşlıq prinsipinə sadiqliyini və Qoşulmama Hərəkatına sədrliyi dönəmində qlobal münasibətlərdəki rolunu qeyd edib. Bu mövqe ölkəmizin Cənubi Qafqazda və Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi kimi rolunu təsdiqləyir. Cənab İlham Əliyev xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın üzərindən keçməsi ilə ölkənin beynəlxalq yükdaşımalar və iqtisadi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb. Dövlət başçısının çıxışı BRICS kimi böyük iqtisadi blokun diqqətini ölkəmizə yönəltməklə yanaşı, enerji və iqlim məsələlərində də əməkdaşlıq potensialını önə çəkir. Prezident İlham Əliyevin BRICS-in XVI Sammiti çərçivəsində Kazanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə liderlər iki dövlət arasında sülh prosesinin irəliləyişini müzakirə edərək sazişin rəsmiləşdirilməsinə, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına diqqət yetiriblər. Onlar Xarici İşlər Nazirlərinə sazişi mümkün qədər tez yekunlaşdırmaq məqsədi ilə danışıqları sürətləndirməyi tapşırıblar ki, bu da iki ölkə arasında sabit və dinc münasibətlərə doğru potensial dəyişikliyə işarədir.

Türkanə Mübariz

скачать dle 12.1
Geri qayıt