Qələbənin növbəti carçısı-Qubadlı

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşən dağlıq bir ərazidir və strateji mövqeyə malikdir. Rayonun təbii sərvətləri və coğrafi əhəmiyyəti onu bölgədə vacib məkanlardan birinə çevirir. İşğal illərində bu ərazilərdə geniş dağıntılar və talanlar baş verib. Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmış, inzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir. Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırki Qubadlı rayonu 18-ci əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur.
Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. 27 ildən çox davam edən işğal dövrü ərzində Qubadlı rayonu böyük dağıntılara məruz qaldı,
Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edərək ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Qubadlı rayonun işğaldan azad edilməsində əhəmiyyətli dönüş nöqtəsi olmuşdur. Həmin bu tarixi gündə Qubadlı rayonu ordumuzun peşakarlığı sayəsində düşməndən təmizləndi. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
İlkin olaraq şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Cənab Prezidentin dediyi kimi; “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı cəənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir.
Bilman İsax