Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və keçmiş “Dağlıq Qarabağ” la (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Azərbaycan dövləti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. 2020-ci ilin sentybarın 27-də başlanan başlanan Zəfər tariximizin 29-cu günü Qubadlının azad olunması ilə nəticələndi. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. İşğalçı Ermənistan silahlı qruplaşmaları da bunu bildiyindən şəhərdə güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Qorxubilməz Azərbaycan Ordusunun gücü qarşısında düşmənin qaçmaqdan başqa çarəsi qalmamışdı. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkmişdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlkin olaraq şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi.  Ölkə Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra, 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan, 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı, 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri; 4 noyabrda rayonun Başarat, Qarakişilər, Qaracallı, 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı, 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndləri düşməndən azad edildi. Qubadlının işğaldan azad edilməsi böyük qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması demək idi.

Bu gün digər işğaldan azad edilmiş bölgələrdə olduğu kimi, Qubadlı rayonunun da inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri müasir normalara uyğun olaraq, təbiəti və tarixi keçmişi nəzərə alınaraq yenidən qurulur. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Cənab Prezidentin dediyi kimi; “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı cəənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 oktyabr "Qubadlı şəhəri günü" kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. 

Türkanə Mübariz

скачать dle 12.1
Geri qayıt