15 oktyabr -milli qürur və milli iradənin təntənəsi olan gündür.

Dövlətimizin başçısı 2003-cü ildə ilk dəfə xalqın etimadını qazanaraq ölkə Prezidenti seçildiyi vaxt müqəddəs bayrağımızı o vaxt işğal altında olan bütün torpaqlarımızda, istisnasız bütün şəhər və kəndlərimizdə qaldırmağı öz qarşısında bir nömrəli vəzifə kimi qoymuşdu. 2023-cü il oktyabrın 15-də Cənab Prezident İlham Əliyev qədim şəhərimiz Xankəndidə Azərbaycan bayrağını qaldırdı. Bu tarixi qələbəni Azərbaycan xalqı 30 ildən çox gözlədi. Bu isə 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gündür, 30 illik həsrətdən sonra Xankəndidə bayrağımızı dalğalandıran Prezident xalqa müraciətində bildirdi ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi.
15 oktyabr 2023-cü ildə isə Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə dəyişməyi bacardığının ən parlaq nümunəsini bütün dünyaya nümayiş elətdirdi, bu hadisə ilə erməni separatizminə rəsmi şəkildə son nöqtəni qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndidə ucaltdı. 20 il əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Xankəndidə dövlət bayrağının qaldırılması isə anda sədaqət nümunəsi kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış oldu.
Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına faktiki olaraq son verildi və bu cür “liderləri”ə layiq olduqları yerin istintaq təcridxanası olduğu xatırladıldı. Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə güclü mesaj idi ki, Azərbaycan hər nə bahasına olur-olsun öz ərazilərindən əsla vaz keçməyəcək və bu cür fəaliyyətlər gec-tez ən rəzil məğlubiyyətlə üzləşəcəklər.
Bu Şanlı qələbənin arxasında Ulu Öndər Heydər Əliyevin prinsipial siyasəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi durur. Prezident işğal altında olan torpaqların azad edilməsi, Azərbaycan bayrağının bizə əbədi məxsus olan bu yerlərdə dalğalanması üçün əzmkar iradəsi ilə durmadan çalışdı. Güclü iqtisadiyyat və güclü ordu müstəqilliyimizin təməl daşlarıdır. Möhkəm təməl üzərində qurulan iqtisadi model olmadan müstəqil bir dövlətin yaşaması çətindir. Bu ölkəmizin dünya arenasında öz yerini tapmasında da mühüm rol oynamışdır.
Vətən müharibəsində qazanılan şanlı qələbə və antiterror tədbirlərinin möhtəşəm uğurla başa çatması nəticəsində ölkəmiz tarixdə ilk dəfə olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Azərbaycan xalqı qazanılan bu qələbəni tarixdə əbədi yaşadacaq. Qələbə yalnız bu günün uğuru deyil, həm də gələcək nəsillərin yaddaşında qürürla xatırlanacaq bir hadisədir. Azərbaycanın bu mübarizədəki iradəsi və əzmkarlığı tarix kitablarında önəmli yer tutacaq, gələcək nəsillər bu uğuru fəxrlə yad edəcəkdir.
Türkanə Mübariz