Qərbi Azərbaycanlıların ümidi bir daha artdı.

2021-ci ildə ölkə başçısı İlham Əliyev Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam isə görkəmli xalq sənətkarının abidəsinin ucaldılmasına görə verilmişdi. Azərbaycanda Aşıq Ələsgərin yubileyinin keçirilməsi ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi. Aşıq Ələsgər 97 yaşına qədər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni şovinistləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan ilk deportasiyası idi.
Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir. Aşıq Ələsgərin abidəsi həm də siyasi məna kəsb edir. Heykəldə təsvir olunan elementlər bir haray, çağırışdır. Dədə Ələsgər bizi doğma torpaqlara qayıdışa səsləyir, müqəddəs sazı, dərin mənalı sözü ilə dədə-baba yurdlarımıza dönüşün vaxtı çatdığını deyir. Aşıq Ələsgərin abidəsinin ucaldılması yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəyliyi gücləndirmək üçündür. Cənab Prezidentin Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi və Prezidentin çıxışı milli dəyərlərə diqqətlə yanaşı, Qərbi azərbaycanlılara yurda qayıdışa bir ümid, inam idi. Aşıq Ələsgər orada saz çalmır, sanki ayağa qalxıb deyir ki, torpaqlarımız işğalda qalıb, mən vətənimə qayıtmalıyam.
Bu gün Qarabağ və Zəngəzurda dalğalanan bayrağımız yaxın zamanda Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Qərbi Azərbaycanda da dalğalanacaq.
Türkanə Mübariz