Tarixin qızıl səhifələrinə yazılan gün-4 oktyabr

Tarixin qızıl səhifələrinə yazılan gün-4 oktyabr
4 oktyabr Azərbaycan xalqı üçün böyük önəm daşıyan, tarixin qızıl səhifələrinə yazılan şanlı bir gündür. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə başlayan bu tarixi gün, Azərbaycan Ordusunun qələbə yürüşünün mühüm mərhələsi kimi yaddaşlara həkk olunub. 
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Döyüşlərin ilk günündən Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı və həmçinin ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. 4 oktyabr isə Cəbrayıl şəhəri günü kimi müəyyən olundu. Cəbrayılda dalğalanan üçrəngli bayrağımız Azərbaycan xalqının qələbəsini və yenilməzliyini bir daha bütün dünyaya bəyan edir. İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. 

Türkanə Mübariz
скачать dle 12.1
Geri qayıt