YAP Qradağ rayon təşkilatı Müşfiqabadda görüş keçirib

YAP Qradağ rayon təşkilatı Müşfiqabadda görüş keçirib
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının 31-ci ildönümü Müşfiqabad qəsəbəsində 274 saylı məktəbdə qeyd olundu
2024-cü ilin martın 5-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin direktoru Nəriman Mürsəliyev, YAP Qaradağ rayon təşkilatı Aparatının əməkdaşları, YAP üzvü olan müəllimlər və valideynlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan 274 saylı tam orta məktəbin direktoru, 83 saylı ərazi partiya təşkilatının sədri Nəriman Mürsəliyev 31 il əvvəl təsis edilmiş YAP Qaradağ rayon təşkilatının keçdiyi şərəfli yol haqqında danışdı. O, bütün ölkə ərazisində olduğu kimi, Qaradağ rayonunda da partiyanın tarixi zərurətdən yarandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğuladı.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasını Ulu öndər Heydər Əliyevin xalqımıza verdiyi mühüm əhəmiyyətli töhfələrdən biri kimi yüksək qiymətləndirdi. YAP rayon təşkilatının sədri ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formalaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs etdi. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında son 20 ildə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını qeyd etdi. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Qafar Əliyev bu partiyanın həm də xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirdi. Bu gün YAP-ın öz sıralarında ölkəmizin nüfuzlu ziyalıları ilə yanaşı qabaqcıl gənclərini topladığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri nəticədə onun yetkin siyasi qüvvəyə çevrildiyini vurğuladı.
Tədbirdə Qaradağ rayonunun ictimai-siyasi həyatında və 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində fəal iştirak edənlər: Nəriman Mürsəliyev, Fəxrəddin Hüseynov, Fəridə Ağayeva "Fəxri fərman"la, Sevil Əzizova və Nazilə Qarayeva "Təşəkkürnamə" ilə mükafatlandırıldılar.



скачать dle 12.1
Geri qayıt