ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINI ZAMAN DİKTƏ EDİR

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINI ZAMAN DİKTƏ EDİR
2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ Vətən Müharibəsinin ikinci ildönümü yaxınlaşır. Biz hamımız torpaqlarımızı işğaldan azad edən zaman şəhid olan qardaşlarımızın ikinci ildönümünə hazırlaşırıq. Azərbaycan Respublikası bu iki il müddətində bir an belə nəfəs dərmədən Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın, şəhər və kəndlərimizin, mədəniyyət və  tarixi abidələrimizin necə barbarcasına dağıdılmasını bütün dünyaya nümayiş etdirir. 2022-ci il "Şuşa ili” elan olunmuşdur. Bu çərçivədə hər gün Şuşada və digər yerlərdə beynəlxalq konfranslar, musiqi festifalları, sərgilər, turizm səyahətləri, siyasi partiyaların, qəzetlərin və QHT-lərin nümayəndələrinin işğaldan azad edilən ərazilərə səyahətləri təşkil edilir. Dünya Azərbaycanlılarının V qurultayının -"Zəfər Qurultayı”nın Şuşada keçirilməsi  olduqca qürurverici hadisələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanic fəaliyyəti sayəsində Azərbaycan həqiqətləri bütün dünyada geniş çəkildə təbliğ olunur. Bu mənada, onun 2022-ci ilin avqustun 31-dən sentyabrın 2-dək əvvəlcə Belçikaya-Brüsselə,daha sonra isə İtaliya Respublikasına tarixi səfəri olduqca mühüm əhəmiyyət daşıyan tarixi səfərlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin səfər çərçivəsində İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib,
dövlətimizin başçısı forumda çıxış edib və xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə verilən suala cavab verərkən dövlətimizin başçısı Azərbaycan tərəfindən irəli sürülən 5 vacib prinsipi bir daha orada təkrar edib: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması”.Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən "The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.
"The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Azərbaycan prezidentinin belə mötəbər forumda iştirakı, orada ingilis dilində səlis danışmaqla bütün forum iştirakçılarını məftun etməsi dövlətimizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricilərindən biridir.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə də müsahibə verib və bir daha regionda baş verən proseslərə aydınlıq gətirib. Prezident İlham Əliyev qeyd edib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Prezident bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüş zamanı razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə gürüşsünlər.
 Prezident qeyd edib ki, bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi.Prezident İlham Əliyev deyib:”Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
Əgər böyük sülh sazişi imzalanarsa, bu, iki ölkəni və bütün regionu birləşdirən infrastrukturun yaradılması istiqamətində çox vacib addım ola bilər.
- Prezident orada qeyd edib ki, Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.
Beləliklə, Ermənistan -Azərbaycan münasibətlərinin normallaşdırılmasını artıq zaman diktə edir. Ermənistan xalqı və hakimiyyəti də bu tarixi şansı düzgün dəyərləndirməlidir.
İLKİN ƏLİYEV
GƏNC POLİTOLOQLAR MƏRKƏZİNİN SƏDRİ,
YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏALI
скачать dle 12.1
Geri qayıt