SON DƏQİQƏ
» » Erməni əsgər anaları övladlarının Qarabağda ölməsini istəmir

Erməni əsgər anaları övladlarının Qarabağda ölməsini istəmir

Tarix:

4-03-2021, 12:19

/ 4 112 dəfə oxundu.
Erməni əsgər anaları övladlarının Qarabağda ölməsini istəmir

Partiya sədri: «Erməni əsgər analarının etirazları, əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır»

 

«Hazırda dərin siyasi böhran yaşayan və iqtisadi sıxıntılar içində çabalayan Ermənistan dövlətinin Azərbaycan ərazisinə - Dağlıq Qarabağa tikinti materialları adı altında əsgər daşıması həm beynəlxalq hüquqa və 10 noyabr razılaşmasının müddəalarına ziddir, həm də siyasi riyakarlıqdır».

Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, erməni əsgər anaları Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha realist düşüncəyə malikdirlər: «Yaxşı ki, cürbəcür millətçi, faşist, daşnak ideyaları ilə zəhərlənmiş Ermənistan cəmiyyətində övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq Müdafiə Nazirliyinin qarşısına toplaşan, buna etirazını bildirən və "biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil", - deməyi bacaran valideynlər, əsgər anaları da var. Bu analar haqlı olaraq tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki dərk edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir.

Bir sözlə, erməni əsgər anaları Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha ayıq-sayıq və realist düşündüklərinə görə, öz övladlarının Qarabağda ölməsini istəmirlər. Onlar Ermənistan rəhbərliyinin və hərbi komandanlığının zorakı mövqeyinə, bu qanunsuz addımına etirazlarını bildirirlər».

Partiya sədri bildirib ki, erməni əsgər analarının etirazları və haray səsləri əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır: «Rəsmi İrəvan məsuliyyətli davranmalı və başa düşməlidir ki, Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əməl etməyə məcburdur. Hətta istəməsə də belə, məcburdur. Ermənistanın hərbi-siyasi rəhbərliyi heç olmasa, Azərbaycan Prezidentindən nümunə götürməlidir. "Bizim hədəfimiz sülhdür”, - deyən Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün mətbuat konfransı zamanı sülh və əməkdaşlıq barədə fikirlər səsləndirməsi və revanşizmdən əl çəkməyə çağırış etməsi Ermənistan rəhbərliyi üçün ibrət olmalıdır. Ancaq çox təəssüflər olsun ki, biz tamamilə bunun əksinə olan bir mənzərəni müşahidə edirik. Belə ki, Ermənistan tərəfi həm Rusiyanı, həm də Azərbaycanı aldadaraq əsgərləri mülki paltarda və ya inşaat materiallarının altında gizlədərək Qarabağa daşımağa davam edir».

Ə.Hüseynov təəssüflə vurğulayıb ki, bütün bu biabırçı-spekulyativ hərəkətlər məhz Rusiya sülhməramlılarının gözü qarşısında baş verir: «Qondarma "dqr"in terrorçu rəhbərliyi kimi rəsmi İrəvan da məhz Rusiya sülhməramlılarına arxalanaraq üçtərəfli bəyanatın məlum müddəalarını həyasızcasına pozur. Rusiya sülhməramlıları Ermənistan ərazisindən "Laçın dəhlizi" vasitəsilə əsgərlərin Dağlıq Qarabağa daşınmasına şərait yaradır. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmaması məsələsinə də tam ciddiyyəti ilə əməl etmirlər. İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələyə toxundu və qeyd etdi ki, sülhməramlıların yol verdiyi bu cür nöqsanlar narahatlıq doğurur və bu narahatlıq da Rusiya tərəfinə çatdırılır».

Partiya sədri qeyd edib ki, əgər hazırkı xoşagəlməz mənzərələr bu şəkildə davam edərsə, o zaman söz haqqı yenidən hərbçilərə verilə bilər: «Azərbaycan bütün bu təxribatlara, siyasi oyunlara, "sülhməramlı" spekulyasiyalara dəmir yumruğu ilə son qoymağa qadirdir. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini az da olsa düşünürsə, Azərbaycan Prezidentinin bu xəbərdarlığını hər an göz önünə gətirməlidir: "Ermənistan siyasi dairələri anlamalıdır ki, hər hansı bir revanş və ya qisas cəhdlərinə görə Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırıla bilərlər. Ona görə də burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır».

Ə.Hüseynov əlavə edib ki, Paşinyan hökumətinin nöqtəsiylə, vergülü ilə bu bəyanatın bütün müddəalarına əməl etməkdən başqa bir çarəsi yoxdur: «Odur ki, Ermənistanın baş naziri

buyursun, həm millətçi-revanşist siyasətçilərin ipini yığsın, həm də bəyanatın müddəalarını pozan erməni generallara öz yerlərini göstərsin. Əks təqdirdə, Azərbaycan Ordusunun erməni təxribatlarının qarşısını güc yolu ilə almaqdan başqa bir yolu qalmayacaq».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ