SON DƏQİQƏ
» » MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ, XİLASKARI VƏ QURUCUSU –HEYDƏR ƏLİYEV

MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ, XİLASKARI VƏ QURUCUSU –HEYDƏR ƏLİYEV

Tarix:

14-06-2017, 16:25

/ 3 806 dəfə oxundu.
MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ, XİLASKARI VƏ QURUCUSU –HEYDƏR ƏLİYEV


Xalqımızın ümummilli lideri, XX əsrin siyasi tarixində özünəməxsus parlaq səhifələr yazmış dünya şöhrətli siyasətçi, dövrümüzün görkəmli siyasət və dövlət xadimi, dahi filosof, unikal şəxsiyyətlərdən biri olan Heydər Əliyevin doğum günü və yubileyi bu gün planetimizin hər bir yerində yüksək səviyyədə qeyd edilir.

Heydər Əliyev XX əsrin 70- 80-ci illərində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) rəhbəri (1969-cü il 14 iyul-1982-ci il 13 dekabr) olmuş və daha sonra dünyanı idarə edən iki supergücdən biri- Sovet Sosialist Respublikaları İttifaqıinin, yəni SSRİ dövlətinin rəhbərlərindən biri seçilmişdir.O, SSRİ-nin paytaxtı Moskva şəhərində dünya siyasətinin mərkəzi olan Kremldə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini olarkən azərbaycanlı və müsəlman olaraq bu yüksək vəzifələrə seçilən ilk azərbaycanlı idi. Eyni zamanda həmin vaxtlar o, dünyanı idarə edən siyasətçilər arasında öz parlaq zəkası, dərin bilik sahibi olması, zəngin təcrübəsi, qeyri-adi dərəcədə natiqlik məharəti, humanizmi, insanpərvərliyi, ədaləti və məftunedici görkəmi ilə başqalarından seçilən bir şəxsiyyət idi. Heydər Əliyev dünya miqyaslı siyasət ulduzları arasında sanki, Dan ulduzu kimi şəfəq saçırdı.
Bir qədər sonra, o, Mixail Sergeyeviç Qorbaçovun rəhbərliyi altında Sovet rəhbərliyinin yeritdiyi səriştəsiz, qərəzli, qeyri-peşəkar, ədalətsiz, ayrıseçkilik, antimüsəlman və antitürk siyasətindən narazı qalaraq 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi və siyasət okeanının alt qatına çəkilərək ovaxtkı hakimiyyətə qarşı konstruktiv müxalifət mövqeyi tutdu.1990-cı ilin 20 Yanvarında Sovet ordusu tərəfindən Bakıda qırğın törədilərkən Moskvada ittifaq səviyyəli fəxri təqaüddə yaşayan Heydər Əliyev qan içində boğulan xalqının dar ayaqda olmasına dözə bilmədi. O, öz övladları: oğlu,qızı və nəvələri ilə, o cümlədən indiki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə Azərbaycan SSR-in Moskvada olan nümayəndəliyinə gələrək M.S.Qorbaçov başda olmaqla SSRİ-nin rəhbərlərini və Əbdülrəhman Vəzirov başda olmaqla Azərbaycanın o vaxtkı rəhbərliyini Azərbaycan xalqının qanının tökülməsində birbaşa müqəssir olmaqda günahlandırdı. Bu hadisələrin gedişində, SSRİ  dağılanda və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə başlayanda Heydər Əliyev müstəqil Azərbaycanda Günəş kimi yenidən doğdu. 1990-cı ilin iyununda doğma vətənə qayıdan Heydər Əliyev çox keçmədən o zaman baş verən tarixi proseslərin önündə gedərək, o dövrdə dünyanın diqqətində olan Azərbaycanda keçirilən ən demokratik seçki yolu ilə, yenidən, 2-ci dəfə Azərbaycan dövlətinin rəhbəri- Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində qısa müddət ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ölkədə milli-həmrəylik və birlik yarandı, respublika iqtisadi böhrandan, geriləmədən və tənəzzüldən xilas oldu. "Əsrin Müqaviləsi”,”Bakı-Tbilisi-Ceyhan” və s. kimi müqavilələri imzalamaqla Heydər Əliyev bütün dünyada əks-səda doğuran böyük layihələri həyata keçirdi. Onun ölməz ideyaları Azərbaycanı, eləcə də bütün dünyanı işığa boyadı. Ona görə də, hazırda heç bir liderə və dövlət xadiminə qismət olmayan sayda dünyanın bir çox dövlətlərində məhz Heydər Əliyevin heykəlləri, büstləri qoyulmuş, onun adına küçələr, meydanlar və parklar verilmiş, haqqında cild-cild kitablar yazılmışdır.
Bu məqaləni yazarkən mən öz qarşıma ulu öndərimiz Heydər Əliyevin bir tarixi şəxsiyyət və siyasi lider kimi qısa tərcümeyi-halını yazmaq, Azərbaycanda və dünya siyasətində oynadığı rolu və gördüyü mühüm əhəmiyyətli işləri sadalamaq, onun əsas xarakterik xüsusiyyətlərini və prinsiplərini qeyd etmək, bütün siyasi fəaliyyətinin elmi-nəzəri tərəflərini, rəhbərlik və idarəetmə fəlsəfəsinin ən mühüm cəhətlərini analitik təhlil etmək məqsədini qoymuşam. Ancaq belə bir çətin vəzifənin öhdəsindən gəlmək o qədər asan olmasa da, Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət və sədaqətim məni cəsarətlə bu işin altına girməyə ruhlandırır.
Tarixi şəxsiyyətlər, dövlət xadimləri tarix yaradır. Biz tarixçilərin vəzifəsi isə bu tarixi həqiqi, olduğu kimi yazmaqdan ibarətdir. Əlbəttə, tarixi yazanlar onu yaradanlar qədər əhəmiyyətli olmasalar da, gələcək nəsillər qarşısında onların da üzərinə tarixi həqiqəti obyektiv şəkildə və vicdanla qələmə almaq kimi böyük məsuliyyət düşür. Bu mənada, Heydər Əliyevin Azərbaycan tarixində və bötövlükdə dünya siyasətində oynadığı böyük rolu qələmə almaq şərəfli və olduqca məsuliyyətli bir məsələdir. Heydər Əliyev haqqında yazmaq ona görə şərəfli və məsuliyyətli bir məsələdir ki, bu, həm Azərbaycanın son 50 illik siyasi tarixini, bu tarixin şərəfli mübarizələrlə dolu anlarını, qələbələri, uğurları və həmin dövrdə Azərbaycanda görülən böyük quruculuq- abadlıq işlərini yazmaq deməkdir, eyni zamanda bu, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixini, xalqımızın başına gətirilən faciələri, torpaqlarımızın erməni millətçiləri tərəfindən işğal olunması səbəblərini və ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdaraq Azərbaycan dövlətini və xalqını xilas etmək naminə mübarizələrdən keçən ömür yolunu yazmaq deməkdir.
Heydər Əliyevin həyatı Azərbaycanın respublikaçılıq tarixinin (bu tarixi 1918-ci ildən götürsək) yarıdan çoxunu əhatə edir. Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin iştirakı ilə yaradılıb və yazılıb. Onun 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbəri seçilməsindən vəfat etdiyi günədək göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri cərgəsində öz layiqli yerini tutmasına xidmət etmişdir. Həmin illər ərzində Heydər Əliyev Azərbaycanda birinci şəxs olub və dünya siyasətində ən məşhur şəxslərdən birinə çevrilib. Çox az dövlət xadimi, siyasətçi tapılar ki, bu qədər böyük müddətdə öz xalqına, millətinə ülvi məhəbbətlə, sevərək və sevilərək rəhbərlik edə bilsin.
Heydər Əliyevi təkcə Azərbaycan xalqı, bütün türk millətləri və xalqları, müsəlman dünyası sevir və onunla fəxr edir. Fəqət, təkcə türk və müsəlman dünyasımı? Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. Amerika Birləşmiş Ştatlarında onu Corc Vaşinqtonla, Yaponiyada bu dövlətin qurucusu olan Siyaqunla, Almaniyada Konrad Adenauerlə, Fransada Şarl De Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasından asılı olmayaraq, Heydər Əliyev bənzərsiz, heç kimlə müqayisə olunmaz tarixi şəxsiyyətdir. Bəs onun bənzərsizliyi nədədir?
Heydər Əliyev konkret olaraq bir siyasi sistemə sığmayan liderdir. O, Sovet İttifaqı dövründə marksizm-leninizm ideologiyasının təsiri altında böyüyüb SSRİ -nin ən yüksək dövlət vəzifələrinə qədər yüksəlsə də, SSRİ-nin son rəhbəri M.S.Qorbaçovun antimüsəlman və ermənipərəst siyasəti nəticəsində xalqımıza, digər türk və müsəlman respublikalarına qarşı ədalətsiz qərarlar qəbul edəndə, ilk olaraq məhz o, öz etiraz səsini qaldırdı və SSRİ-nin dağılması prosesinin başlanması nəticəsində tarixi zərurət yarananda, həmin siyasi təlim və və ideyalardan vaxtında uzaqlaşa bildi. Heydər Əliyev Sovet ideologiyasının hər bir müddəasını öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, onları praktikada yoxlayır, yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. O Sovet ideologiyasının əsirinə çevrilmədi, bəzi sovet liderləri kimi öz dilini, dinini, milli mənsubiyyətini unudub kosmopolit siyasətçilərdən və dövlət xadimlərindən biri olmadı. Ona görə ki, Heydər Əliyev bir siyasi lider və tarixi şəxsiyyət kimi milli-mənəvi köklərə və dəyərlərə bağlı olan, milli ideyalara və bəşəri dəyərlərə söykənərək öz siyasi təlimini yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardandır.
İndiyə qədərki tarixi şəxsiyyətlərin bəzilərini biz təhlil etsək, onlardan hər birinin bir siyasi sistemin və mövcud konkret tarixi dövrün qəhrəmanı, lideri olduğunun şahidi olarıq. Məsələn, Böyük Pyotr XVIII əsrin əvvəllərində Rusiyanın çarı idi. O, çar Rusiyası hüdudları daxilində, həmin ictimai-siyasi sistemin qanunları çərçivəsində islahatlar apardı. Eləcə də Şarl de Qoll Fransanı, Uinston Çorçill Böyük Britaniyanı, Ruzvelt ABŞ-ı İkinci Dünya Müharibəsindən
sonra bacarıqla idarə edən islahatçı liderlər idilər. Mustafa Kamal Atatürk, Fidel Kastro, Mao Tse Dun, Lenin,Stalin isə XX əsrdə inqilab edərək yeni dövlət quran inqilabçı liderlər idilər. XX əsrdə yaşayan bu liderlərdən Lenin və Stalin sovet dövrünün, Ruzvelt və Çörçill isə kapitalist Qərb dünyasının XX əsrin birinci yarısında yaşamış və fəaliyyət göstərmiş liderləri idilər və onlardan hər biri digərinin ideyalarını inkar edirdi. Yalnız mənsub olduqları mövcud siyasi sistemin, ideologiyanın və şəraitin qəhrəmanı olan bu liderlərin bəziləri inqilabçı, bəziləri islahatçı-reformator, bəziləri konservator, bəziləri də diktator kimi tarixdə qaldılar. Amma Heydər Əliyevdə bu liderlərdən heç birinə məxsus olmayan xüsusiyyətlər var. Onun özünəməxsusluğu, bənzərsizliyi ondan ibarətdir ki, tarixi şəxsiyyət kimi, o, həm sovet dövrünün, həm də müasir demokratik dövrümüzün lideri və qəhrəmanı olub. Bunun sirri nədədir? Nədən Heydər Əliyevin baxışları bir ictimai-siyasi sistemə sığmırdı? Nədən iki müxtəlif ictimai-siyasi quruluşda, müxtəlif baxışların hökmran olduğu dövrdə o, eyni məharət və bacarıqla, sevgi və istəklə öz xalqına və dövlətinə rəhbərlik edib, eləcə də dünya tərəfindən də eyni dərəcədə qəbul olunub və rəğbətlə qarşılanıb? Bunun əsas səbəbi onun bir siyasi lider olaraq milliliyindən, azərbaycançılıq ideologiyasına, dini baxımdan İslam əxlaqına, vicdan və əxlaq baxımından təmiz və ədalətli, dünyagörüş baxımından realist və praqmatik, refarmator bir siyasətçi olmasından, başqa millətlərə və dinlərə qarşı həqiqi tolerant, beynəlmiləlçi, multikulturalist olmasından irəli gəlirdi. Heydər Əliyev qeyri-adi dərəcədə dövlətçi, qanunsevər, demokratik, azərbaycançılıq ideyalarının daşıyıcısı,milli və beynəlmiləlçi,inqilabçı,realist və praqmatik,ümumbəşəri ideyaları özündə cəmləşdirən, multikulturalist ideyaların daşıyıcısı olan, onları yorulmadan təbliğ edən bir siyasi lider idi.
Nədənsə tarixçilər və politoloqlar Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi kimi xarakterizə edərkən onun gördüyü işlərdən, qurub-yaratmaq bacarığından, ölməz ideyalarının müsir dövrə tətbiqinin vacibliyindən, dövlətçilik və idarəetmə təcrübəsindən, elmi-nəzəri, fəlsəfi baxışlarından bəhs edərkən onun özünəməxsus bir lider xüsusiyyətlərindən olduqca az danışırlar.
Görünür, hələ tarixçilər, filosoflar və politoloqlar Heydər Əliyev ideyalarının və siyasi kursunun əsas müddəalarını, prinsip və xüsusiyyətlərini tam aşkara çıxarıb izah etməyə çətinlik çəkirlər. İndi Heydər Əliyev siyasi idarəetmə məktəbinin, iqtisadi idarəetmə məktəbinin, elmi-fəlsəfi məktəbinin mövcudluğundan çox bəhs edirlər. Lakin "Heydər Əliyevçilik" siyasi kursunun konkret olaraq nədən ibarət olduğunu dürüst şəkildə, elmi sistem halında yazıb ortaya qoyan bir müəllif hələ ki yoxdur. Bəziləri "Heydər Əliyevçilik" adlanan mükəmməl bir dövlət idarəçiliyi məktəbinin olduğunu etiraf etsələr də, sadəcə, ad məsələsində, yəni bu siyasi idarəetmə məktəbini necə adlandırmağın daha düzgün variantı ətrafında baş sındırıb bir qərara gələ bilmirlər. Yuxarıda qeyd etdim ki, tarixi şəxsiyyətlər tarix yaradırlar. Həmin tarixi isə tarixçilər, politoloqlar yazırlar. Tarix yazanların əsas vəzifəsi tarixi gerçəkliyi obyektiv şəkildə, hər şeyi öz adı ilə adlandıraraq, vicdanla yazmaqdan ibarətdir. Əgər Heydər Əliyev ömrünün 50 ildən çox bir dövrünü məhz Heydər Əliyev adı ilə Azərbaycanı qurub-yaratmağa sərf edibsə, bu adla tanınıbsa, bəs biz nədən Heydər Əliyevin fikirlərinə, onun ideyalarına, nəzəri-ideoloji baxışlarına özümüzdən yeni ad uydurmalıyıq? Zənnimcə, Heydər Əliyevin adı - Heydər Əliyev kimi, onun ideyaları isə "Heydər Əliyevçilik" dövlət idarəçiliyi məktəbi kimi tariximizdə əbədi olaraq yaşamalı,siyasi və fəlsəfə tariximizə qızıl hərflərlə həkk olunmalıdır.
Bəs nədir "Heydər Əliyevçilik" siyasi kursu və dövlət idarəçiliyi məktəbi? Bu siyasi məktəbin təməl ideyaları, əsas prinsip və xüsusiyyətləri nədən ibarətdir?
Bir dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan dövlətinə istər sovet dövründə, istərsə də müstəqillik dövründə rəhbərlik etdiyi zaman söylədiyi fikirlər, müxtəlif yığıncaqlarda etdiyi nitqlər və məruzələr, verdiyi bəyanatlar "Heydər Əliyev siyasi məktəbi”nin əsas prinsip və xüsusiyyətlərini özündə əks etdirir. Bizim vəzifəmiz onları ardıcıl şəkildə oxumaqdan,
sistemləşdirib vahid nəzəri sistem halında gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Heydər Əliyev tarixi hadisələrin fəal iştirakçısı kimi bunları vahid sistem halına gətirməyə vaxt və macal tapmadı. Əgər biz bu tarixi şəxsiyyətin yetirmələri və davamçıları olaraq həmin məktəbin əbədiyaşar olmasını istəyiriksə, bunu bizim özümüz etməliyik. Ona görə etməliyik ki, müstəqil Azərbaycanın qurulmasının və inkişaf etdirilməsinin elmi-nəzəri bazasının hansı prinsiplərə söykəndiyini gələcək nəsillər asanlıqla dərk edə bilsinlər.
Heydər Əliyevçilik – Müstəqil, azad və müasir Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və əbədi etmək üçün Azərbaycan xalqının milli mənəvi potensialından, onun tarixi təcrübəsindən qaynaqlanan, milli dövlətçilik ənənələrini real şəkildə dirçəldən və gerçəkləşdirən, ona əbədiyyət qazandıran, müasir və qabaqcıl dövlətlərin təcrübəsindən və bəşər sivilizasiyasının nailiyyətlərindən istifadə edərək demokratik islahatlar və təkamül yolu ilə Azərbaycan xalqını və dövlətini daim müasirləşdirən və yeniləşdirən, bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirə bilən, sosial-ədalət və humanizm prinsiplərinə söykənərək dövlət daxilində ümummilli-mənəvi birliyə və sosial-iqtisadi rifaha doğru aparan, dünyanın bütün xalq və millətləri ilə sülh və əminamanlıq şəraitində yaşamağa önəm verən mükəmməl fəlsəfi- siyasi, milli-mənəvi və dövlət idarəçiliyinə aid zəngin və zəruri baxışlar sistemidir.
Bu siyasi idarəetmə məktəbinin əsas prinsip və xüsusiyyətləri ən azı aşağıdakılardan ibarətdir:
1. Milli dövlətçilik, qanunçuluq və demokratiya;
2. İslahatçılıq;
3. Azərbaycançılığa və milli-mənəvi dəyərlərə bağlılıq;
4. Sosial ədalət və humanizm;
5. Beynəlmiləlçilik və bəşərilik.
Birinci prinsip haqqında danışarkən, ilk öncə, ümummilli lider Heydər Əliyevin belə bir fikrini xatırlatmaq istəyirəm: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Bu, o deməkdir ki, bizim hər hansı dövlət, dövlətlər qrupu və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyimiz Azərbaycanın süverenliyinə, dövlət müstəqilliyinə, onun ərazi bütövlüyünə xələl gətirməməlidir.Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir. Ulu öndərin söylədiyi "Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır."- fikri hakimiyyətin fəaliyyətində əsas prinsip kimi götürülməlidir.
Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.
Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusudur. Ulu öndər həm Azərbaycan xalq hərəkatının, həm də Azərbaycan milli azadlıq hərəkatının həqiqi lideri olmuşdur. O, 70-ci illərdən başlayaraq Azərbaycanda həyata keçirdiyi tədbirlər nəticəsində, uzun illər ərzində nəfəs dərmədən, kecə-gündüz bilmədən çalışmaqla Azərbaycanı Sovetlər İttifaqının ən qabaqcıl, iri addımlarla irəliləyən, inkişaf etməkdə olan, özünü tam yaşatmağa qabil olan və bütün istiqamətlər üzrə çiçəklənən bir respublikasına çevirdi. O, uzunillik siyasi fəaliyyəti ilə
Azərbaycanı qurub-yaratmaqla QURUCU LİDER, müstəqillik dövründə isə Azərbaycanı parçalanmaqdan və məhv olmaqdan xilas edən XİLASKAR LİDER kimi tariximizə düşmüşdür.
XX yüzillikdə Azərbaycana rəhbərlik etmiş şəxsiyyətləri bir-bir gözümüz önündən keçirsək görərik ki, onlardan heç biri Heydər Əliyev qədər Azərbaycan xalqına və dövlətçiliyinə uzun müddət ərzində bacarıq və səriştə ilə xidmət etməyə nail ola bilməyib.
Heydər Əliyevin bir siyasi lider kimi özünəməxsus xüsusiyyətlərindən biri də onun dinc dövrdə, seçkilər yolu ilə hakimiyyətə gəlib dövləti məharətlə idarə edən, lakin ekstremal şəraitlərdə və böhran dövründə öz xalqının qabağında gedə bilməyən keçmiş sovet liderlərdən fərqli bir lider olmasıdır. Belə ki, Heydər Əliyevin Azərbaycanı tərk edib Moskvaya SSRİ rəhbərliyinə-Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsindən və SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini vəzifəsinə təyin olunduqdan sonra da bir an belə olsa da, Azərbaycanla, öz doğma vətəni ilə əlaqəsini kəsmirdi. O vaxtlar Moskvada və SSRİ-nin başqa yerlərində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, mərkəzi telekanallarda, teatr səhnələrində Azərbaycanın ictimai-siyasi həyatı, "Koroğlu”, "Arşın malalan”, "O olmasın,bu olsun”, ”Min bir gecə” və s.kimi filmləri, opera, balet əsərləri,musiqisi nümayiş etdirilirdi.
Ulu öndər Heydər Əliyev SSRİ-yə başçılıq edə biləcək ən real və perspektivli rəhbərlərdən biri idi. Lakin Sovet rəhbərliyində təmsil olunan bəzi millətçi və şovinist əhvali-ruhiyyəli siyasətçilər tərəfindən müsəlman və türk mənşəli olduğuna görə, ona qısqanclıq olunaraq layiq olduğu vəzifəyə seçilməyə imkan verilmədi. 1987-ci ilin oktyabrında Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyən SSRİ rəhbəri M.S.Qorbaçov ilk öncə yolu üzərindən bu məqsədinə mane ola biləcək yeganə qüvvəni - Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırdı. Bundan düz 40 gün sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı və Azərbaycan torpaqlarının işğalına start verildi. Bununla əlaqədar olaraq, Azərbaycanda kortəbii xalq hərəkatı başlandı. Bu hərəkat başlayarkən Azərbaycan xalqının lideri Heydər Əliyev ümumittifaq əhəmiyyətli fəxri təqaüddə olsa da, Moskvada onun rəqibləri deyirdi ki, bütün bu xalq hərəkatının arxasında "Əliyevşina" durur. Ona görə də M.S.Qorbaçov öz yaxın ətrafının və Azərbaycanın yerli rəhbərləri olan Ə.Vəzirov, A.Mütəllibov, V.Hüseynov və başqalarının köməyi ilə var-gücünü "Əliyevçilik"lə mübarizəyə sərf edirdi. M.S.Qorbaçovun əsas məqsədi azad, müstəqil yaşamaq, öz torpaqlarını heç kəsə vermək istəməyən bir milləti susdurmaqdan, milli düşüncəli Heydər Əliyevçi kadrları vəzifədən kənarlaşdırmaqdan və Azərbaycanı kortəbii şəkildə Moskvanın iradəsinə tabe etməkdən, oyuncaq rejim qurmaqdan ibarət idi.
M.S.Qorbaçov başda olmaqla Sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları xalqımızın gözünü qorxutmaq və genişlənməkdə olan xalq hərakatını yatırmaq məqsədi ilə 1990-cı ildə 20 Yanvar faciəsini törətdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə erməni millətçiləri tərəfindən XX əsrin ən böyük və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı törədildi. Lakin o vaxtkı Sovet rəhbərliyi və erməni millətçiləri torpaqlarımızın bir hissəsini işğal etsələr də, neçə-neçə digər faciələri törətsələr də, bir milyondan çox əhalimizi qaçqın və köçkün gününə salsalar da öz məqsədlərinə nail ola bilmədilər. Onlar Azərbaycan xalqının iradəsinə qalib gəlməyi sadəcə bacarmadılar. Bacarmadılar ona görə ki, Moskvanın planlarına qarşı çıxa biləcək güclü xalq hərəkatı və bu hərəkatın Heydər Əliyev tərəfindən vaxtilə müxtəlif peşə sahələrində yetişdirilmiş fəal iştirakçıları var idi. Lakin 1990-cı ilin iyununa qədərki dövrdə , Heydər Əliyev Moskvada yaşadığına görə, xalqın nəzərləri Moskvaya - Heydər Əliyevə dikilsə də, əli, səsi ona çatmırdı. 1990-cı ilin Yanvar hadisələri zamanı Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Sovet rəhbərliyini və onların Azərbaycanda müxtəlif vəzifələrdə olan yerli əlaltıları ilə birlikdə Azərbaycan xalqına qarşı faciə törətməsi haqqında bəyanat verdi və onları siyasi və hüquqi cəhətdən cinayət törətməkdə ittiham etdi. Daha sonra Heydər Əliyev Azərbaycana - anadan olduğu doğma Vətəninin ayrılmaz bir parçası olan
Naxçıvana gəldi. Beləliklə, 1990-cı il iyunun 18-i Heydər Əliyevin Azərbaycana qayıtması, daha sonra Naxçıvana getməsi, Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən bəyanatla çıxaraq orada Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatı və 1991-ci ilin sentyabrın 9-da Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanda 1988-ci ildə başlanmış kortəbii xalq hərəkatı 1991-ci ildən başlayaraq ardıcıl, müntəzəm və planlı hərəkata çevrildi və milli azadlıq hərəkatı mərhələsinə qədəm qoydu. Heydər Əliyev Vətəni darda olan vaxt ölkəyə qayıtdı və o zaman yenicə vüsət alan xalq hərakatına qoşuldu.Artıq qısa müddət keçəndən sonra bu hərəkatın lideri Azərbaycan xalqının vətənpərvər oğlu və əvəzolunmaz siyasi xadim Heydər Əliyev idi. Ona görə ki, 1969-cu ilin iyulun 14-də hakimiyyətə gəldiyi ilk gündən başlayaraq Heydər Əliyev Azərbaycan xalqının etimad və inamını tam qazanmış, onun dərdinə və sevincinə hər an şərik olan əvəzolunmaz bir liderinə çevrilmişdi. Heydər Əliyev harada, hansı vəzifədə olubsa, xalqın ümid yeri, pənahı olub və milyonlarla insanın nəzərləri bir ümid çırağı kimi, bir haqq-ədalət carçısı kimi ona dikilib.
1982-ci ilin dekabrında Heydər Əliyev Moskvaya Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilərkən, o vaxtkı Dzerjinski adına (indiki Şəhriyar adına mədəniyyət sarayı) sarayda yolasalma mərasimi keçirilirdi. Televiziya ilə birbaşa translyasiya edilən həmin yığıncaqda iştirak edən insanların həm sevinc, həm də kədərlə axıtdıqları göz yaşları bir-birinə qarışmışdı. İnsanlar sevincdən göz yaşını ona görə tökürdü ki, son 70 ildə ilk dəfə olaraq Azərbaycan oğlu belə yüksək vəzifəyə qalxırdı. İnsanları kədərləndirən isə onun doğma respublikanı tərk etməsi idi. Bu, ümumxalq məhəbbətinin bariz nümunəsi idi. Daha sonra 1987-ci ilin oktyabrında Heydər Əliyev Moskvada tutduğu vəzifələrdən azad edilərkən bu hadisəni bütün Azərbaycan xalqı böyük kədər, qəm-qüssə hissi ilə qarşıladı.
Sonra cəmi üç il ərzində (1987-90-cı illər) Heydər Əliyev dövlət vəzifəsində olmayıb. Azərbaycanın son problemlərinin əksəriyyətinin də bünövrəsi məhz həmin illərdə qoyuldu. Azərbaycan xalqı həmin dövrdə köks ötürərək deyirdi: "Əgər Heydər Əliyev vəzifədə olsaydı, bizim başımıza bu müsibətlər gəlməzdi". Taleyin hökmü ilə 1990-cı ilin iyununda Naxçıvana gələn Heydər Əliyev tezliklə yenidən siyasi meydana qayıtdı. Azərbaycan Ali Sovetinin deputatı seçilən gündən Ali Sovetin sessiyalarında millət vəkili kimi Azərbaycanı milli müstəqilliyə aparan Konstitusiya sənədlərinin qəbul olunmasını təklif etdi. Xalqı "referendum" yolu ilə SSRİ tərkibində saxlamağa çalışan respublika rəhbərliyinin səsinə səs verməməyə çağırdı. Dağlıq Qarabağın faktiki olaraq Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi məqsədini qarşılarına qoyan ermənipərəst qüvvələrin planlarını alt-üst etdi. Naxçıvan Ali Məclisinin sessiyalarında isə bilavasitə onun rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin əsasını qoyan çox mühüm əhəmiyyətli sənədlər qəbul edildi. Heydər Əliyevin oturduğu Naxçıvan Ali Məclisinin binası faktiki olaraq Azərbaycan milli azadlıq hərəkatının qərargahına çevrildi. Həmin vaxt Azərbaycanın paytaxtı Bakıda hakimiyyət uğrunda amansız mübarizə gedirdi,moskvapərəst A.Mütəllibov müstəqillik haqqında qətiyyən düşünmürdü. O, ölkəni faciələrlə, vətəndaş müharibəsi ilə üz-üzə qoyub Moskvaya qaçdı. Daha sonra Azərbaycanın müstəqilliyinə tərəfdar olan, lakin bu müstəqilliyi əldə etməyin və qoruyub-saxlamağın üsul və vasitələrini bilməyən, müstəqilliyə mane olmaq istəyən qüvvələrlə bacarmayan, hakimiyyət uğrunda mübarizə aparan öz yaxın ətrafının iddialarının qarşısında aciz qalan Ə.Elçibəy də Azərbaycanın müstəqilliyini təmin edə bilmədi. Sonda o da öz vəzifəsini qoyub anadan olduğu doğma Kələki kəndinə getməyə məcbur oldu.
Bu sözləri yazmaqda məqsədim ondan ibarətdir ki, bu gün Azərbaycanda "xalq hərəkatı", "milli azadlıq hərəkatı" ifadələrini tez-tez dillərində əzbər edən, özlərini isə bu hərəkatın fəal iştirakçıları və rəhbərləri hesab edən, SSRİ-nin guya onlar tərəfindən dağıdıldığını və Azərbaycanın müstəqillik qazanmasını öz adlarına çıxan bəzi müxalifət nümayəndələrinə onu xatırlatmaqdır ki, onların özlərini lider adlandırması ilə xalqın əsl lider kimi qəbul etdiyi və
tanıdığı şəxsiyyət arasında böyük fərq var. 1988-ci ildə başlanan xalq hərakatının da, 1990-cı il 20 yanvardan etibarən başlanan milli azadlıq hərəkatının da əsl və həqiqi lideri, rəhbəri əvəzolunmaz ictimai-siyasi xadim olan Heydər Əliyev olmuşdur.
Heydər Əliyev bəzi dövlət başçıları və xalq hərakatının iştirakçısı olan insanlar kimi millət, milli dövlət, müstəqillik, milli birlik, milli ləyaqət, milli ideologiya, milli dövlətçilik ifadələrini tez-tez işlətməklə özünə hörmət qazanmaq fikrində olmayıb. Əksinə dərin düşüncəyə söykənən müdrik fəaliyyəti ilə addım-addım, nəzərə çarpmadan Azərbaycanı milli müstəqilliyə doğru aparıb. SSRİ dağıldıqdan sonra isə yaranmış tarixi şəraiti nəzərə alaraq müstəqillik bayrağını məhz o özü ilk dəfə olaraq qaldırıb.
Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər onu deməliyik ki, Azərbaycanın müstəqilliyinin qazanılması və qorunub-saxlanması uğrunda mübarizənin rəhbəri və bayraqdarı elə məhz Heydər Əliyevdir.
Mən bir daha ulu ündər Heydər Əliyevin belə bir fikrini vurğulamaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması onun əldə edilməsindən çox-çox çətindir. Son 80 illik müstəqillik tariximizdən çıxarmalı olduğumuz ən əsas ibrət dərsi odur ki, Heydər Əliyev həm müstəqilliyimizin qazanılmasında , həm onun qurulmasında , həm də onun qorunub-saxlanmasında və əbədi yaşamasında əvəzsiz rol oynamış dövlət xadimidir.
Heydər Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisidir. Milli dövlətə, Azərbaycan dövlətçiliyinə xidmət Heydər Əliyevin bütün siyasi fəaliyyətinin əsas prinsipini, mahiyyətini və mənasını təşkil edir.
İkinci prinsip olan islahatçılıq prinsipinə toxunarkən onu qeyd etmək istərdim ki, Heydər Əliyev bir siyasi lider kimi islahatçı, yenilikçi və refermatordur. İstər 1970-80-ci illər onun Azərbaycana rəhbərlik etdiyi dövrü, istər SSRİ rəhbərliyində olduğu 1982-87-ci illər dövrünü, istər Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işlədiyi 1990-93-cü illər dövrünü, istərsə də 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtdığı dövrü götürüb təhlil etsək, görərik ki, bu dövrün hər birində Heydər Əliyevin bütün siyasi fəaliyyəti cəmiyyətin ayrı-ayrı sahələrinin yenidən qurulmasından, radikal islahatların aparılmasından ibarət olmuşdur. Bir təşkilatçı lider kimi o qarşıda duran məqsəd və vəzifələri çox aydın gördüyündən həmin məqsəd və vəzifələrə çatmaq üçün lazım olan üsul və vasitələri yaratmağı çox cəsarətlə girişir, lazımi addımlar atır, köhnə iş metodlarını dəyişdirir və yeni dövrün tələblərini təmin edə biləcək kadrları cəsarətlə irəli çəkirdi. Sadalanan dövrlərin heç birində Heydər Əliyev qarşısına qoyduğu məqsədləri yarımçıq qoymayıb, onların hamısını axıra çatdıra bilib.
Heydər Əliyev böyük bacarıqla Azərbaycan xalqının milli mənafelərini əsas götürərək və onun tarixi arzularını reallaşdıraraq əbədiyaşar müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur. Onun yaratdığı müasir Azərbaycan dövləti bir hüquqi demokratik dövlət kimi müasir dünyanın bütün sivil dövlətləri tərəfindən çox hörmətlə qəbul edilir.
Heydər Əliyev Azərbaycan xalqına xas olan mənəvi dəyərləri daim yüksək qiymətləndirmiş və onları bütün dünyaya tanıtmışdır. "Xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib", - deyən Heydər Əliyevin gücünün, qüdrətinin mənbəyi də məhz elə öz xalqı olub. Heydər Əliyev heç bir zaman öz xalqına kütlə və yaxud "obıvatel" kimi yanaşmayıb. Əksinə, o həmişə öz xalqının milli qürurunu uca tutub və "xalqımız qəhrəman xalqdır", - deyib. O, öz millətinə və xalqına inandığı kimi, Azərbaycan xalqı da məhz ona inanıb,
ona etimad göstərib və bütün taleyini ona etibar edib. Heydər Əliyev isə hər zaman öz xalqının etimadını doğrultmuş bir siyasətçi idi. Biz hamımız, müəllimi Heydər Əliyev olan bir siyasi məktəbin tələbələri zaman-zaman Heydər Əliyevdən öyrənməli, onun bütün fəaliyyət prinsiplərini rəhbər tutmalıyıq.
Bu gün müasir Azərbaycan dövlətçiliyini möhkəmləndirən, onu güclü edən iki mühüm əhəmiyyətli faktor var: Heydər Əliyev ideyaları və xalq-iqtidar birliyi.Əbədiyaşar Heydər Əliyev ideyaları və bu ideyaların və siyasi kursun ən layiqli davamçısı olan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtidarla xalqın birliyi, həmrəyliyi ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanmasının, milli həmrəyliyin və sosial-iqtisadi inkişafın təminatıdır.Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev 2017-ci il mayın 26-da "Buta” sarayında 28 May-Respublika günü münasibəti ilə keçirilən rəsmi qəbulda etdiyi nitqində demişdir:”Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun.Biz,bax bu sabitliyi yaratmışıq və Azərbaycanda möhkəm sürən sabitliyin təməlində bu amillər dayanır: –xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar.Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb”. (Bax: "Xalq qəzeti”, 27 may 2017-ci il, №113, səh.2.).
Azərbaycan bu gün dünyada öz milli maraqlarını layiqincə müdafiə edə bilən, çox böyük hörmət və nüfuza malik olan ölkə kimi tanınır. Bu gün Azərbaycanın bütün beynəlxalq təşkilatlarla və dövlətlərlə çox yaxşı münasibətləri var. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan dövlətlər Azərbaycanın beynəlxalq arenada mənafelərini layiqincə müdafiə edirlər.
Sosial siyasət sahəsində son illərdə 600-dən artıq xəstəxananın, 3.000-dən artıq orta məktəbin tikilməsi və ya təmir edilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin,təhsilin səviyyəsi xeyli yüksəlmişdir.2016-cı ildə 5 milyondan artıq Azərbaycan vətəndaşı pulzuz tibbi müaniyədən keçmişdir. Məcburi köçkünlər üçün son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Bu gün ən qabaqcıl texnologiyaya, silahlara yüksək vətənpərvərlik ruhuna malik olan və istənilən vəzifəni layiqincə yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı Ermənistan silahlı birləşmələrinin təcavüzündən azad etməyə qadir olan güclü Azərbaycan ordusu var. 2016-cı ilin 3-5 Aprel döyüşləri ordumuzun real gücünü bütün dünyaya sübut etdi.Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Azərbaycan bu gün dünya miqyaslı böyük nəqliyyat və enerji layihələri, o cümlədən, "Cənub Qaz Dəhlizi”, "Şahdəniz-2”, "Trans-Anadolu Qaz Kəməri-TANAP”, "Trans-Adriatik Kəməri-TAP”, "Bakı-Tbilisi-Qars” Dəmiryolu xətti”, Ələt Beynəlxalq Dəniz Limanı” və s. uğurla həyata keçirməkdədir. Bütün bu uğurların və qələbələrin təməlində ümummilli lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu müstəqilliyi qoruyuruq və daim qoruyacağıq.
Qafar ƏLİYEV,
YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi Məsələlər şöbəsinin sektor müdiri
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ