SON DƏQİQƏ

İlham Əliyev 4 sərəncam imzaladı

Tarix:

10-02-2017, 19:46

/ 7 839 dəfə oxundu.
İlham Əliyev 4 sərəncam imzaladı

Prezident İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: 2017-ci ildə dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 illiyi tamam olur.
Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli musiqiçi və ictimai xadim Mstislav Rostropoviçin Azərbaycanda 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev V.D.Bayramovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif Deryuş oğlu Bayramov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
***
İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:
Cəfərov Məmməd Hüseyn oğlu
Elyazov Mübariz Elyaz oğlu
Xəlilov Aslan Xası oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ