Beyin qanaması keçirən aktrisanın vəziyyəti ilə bağlı açıqlama
"Yeter Anne", "Organik Aşk" və "Senden Daha Güzel" serialları ilə tanınan türk teatr və kino aktrisası Ruhsar Gültekin keçirdiyi beyin qanamasından sonra reanimasiya şöbəsində müalicə olunur.
GunAz.az xəbər verir ki, müalicə aldığı xəstəxananın yaydığı açıqlamada aktrisanın əməliyyat olunduğu və vəziyyətinin həkimlərin daimi nəzarəti altında olduğu bildirilib.
GunAz.az xəbər verir ki, müalicə aldığı xəstəxananın yaydığı açıqlamada aktrisanın əməliyyat olunduğu və vəziyyətinin həkimlərin daimi nəzarəti altında olduğu bildirilib.
Türkiyənin teatr və televiziya dünyasının tanınmış simalarından olan 62 yaşlı Ruhsar Gültekinin ardıcıl iki dəfə beyin qanaması keçirdiyi və təcili əməliyyat edildiyi məlum olub. Aktrisanın səhhəti ilə bağlı həm müalicə aldığı xəstəxana, həm də yaxın ətrafı açıqlama verib.
Xəstəxananın baş həkimi, professor Hamdi Karakayalı bildirib ki, Ruhsar Gültekin beyin qanaması və anevrizma diaqnozu ilə xəstəxanaya müraciət edib. Onun sözlərinə görə, aparılan müayinələr zamanı yeni qanaxma aşkarlanıb və dərhal cərrahi müdaxilə həyata keçirilib. Əməliyyat zamanı qanaxma aradan qaldırılıb, həmçinin ventrikulyar drenaj tətbiq edilib.
Xəstəxananın açıqlamasında qeyd olunub ki, əməliyyatdan sonra aktrisanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Bildirilib ki, Ruhsar Gültekin iyulun 8-də səhər saatlarında nəzarətli şəkildə oyadılıb. Aparılan qiymətləndirmələr nəticəsində onun şüurunun aydın olduğu və ümumi vəziyyətinin stabil qaldığı müəyyən edilib.
Müalicə prosesinin tərkib hissəsi olaraq aktrisaya yenidən sedasiya tətbiq olunub və o, həkim briqadasının daimi nəzarəti altında saxlanılır.
Aktrisa Parla Şenol da sosial şəbəkə hesabında Ruhsar Gültekinin səhhəti ilə bağlı paylaşım edib. O bildirib ki, aktrisanın vəziyyəti stabildir və qısa müddətlik oyadıldığı zaman müşahidə olunan reaksiyalar müsbət qiymətləndirilib.
Ruhsar Gültekinin müalicəsinin reanimasiya şöbəsində davam etdiyi, həkimlərin növbəti qiymətləndirmələrinin isə sağalma prosesinin gedişinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Aktrisanın pərəstişkarları isə sosial şəbəkələrdə ona şəfa arzularını paylaşmaqda davam edirlər.
