“DreamFest”ə kimlər gələcək? Emin Ağalarovdan açıqlama
Azərbaycan ilə Rusiya arasında güclü insani və işgüzar əlaqələr mövcuddur, hansı ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.
GunAz.az xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort şəhərinin təsisçisi Emin Ağalarov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF 2026) çərçivəsində “Rusiya-Azərbaycan” sessiyasındakı çıxışı zamanı bildirib.
“Mən səmimi-qəlbdən inanıram və hesab edirəm ki, Azərbaycanla Rusiya arasında pis münasibətlər ola bilməz. Münasibətlər sadəcə yaxşı deyil, çox yaxşı olmalıdır. Çünki bunlar, həqiqətən, iki mehriban qonşudur”, - deyə o qeyd edib.
Emin Ağalarovun sözlərinə görə, hətta münasibətlərdə müəyyən dərəcədə soyuma dövründə belə, rusiyalı turistlər Azərbaycanda özlərini rahat hiss ediblər: “Rusiyalılar çox sevilir, xoş qarşılanır və onların gəlişini istəyirlər. Bu, insani səviyyədədir. Siyasi səviyyədə isə, əgər, dövlət başçılarının siyasi iradəsi varsa, bütün nüansları yeniləməli, qurmalı və həll etməli olacağıq. Düşünürəm ki, bunu yaxın zaman edəcəyik”.
O, həmçinin Rusiyadan olan 50-dən çox sənətçinin bu yay “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.
Emin Ağalarov Rusiya-Azərbaycan Biznes Şurasının işi barədə danışaraq, son iclasın təxminən bir ay əvvəl iki Baş nazirin müavininin iştirakı ilə keçirildiyini xatırladıb.
“Bu gün bu münasibətlərin daha da sabit və uğurlu olması, ölkələr arasında ticarətin isə artması üçün siyasi iradəmiz var. Düşünürəm ki, bu il yüksək nəticələr göstərmək üçün tam şansımız var”, - deyə “Agalarov Development” şirkətinin prezidenti vurğulayıb.
O, həmçinin qeyd edib ki, “Sea Breeze” layihəsi tikinti və texnoloji materiallar sahələri də daxil olmaqla, Rusiya istehsalçıları ilə əməkdaşlıq imkanlarından fəal şəkildə istifadə edir.
