"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."

GunAz.az Axşam.az-a istinadən xəbər verir ki, Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Tarixin bir günü” verilişində deyib. O, sosial şəbəkələrdə tənqid olunan, bayağı mahnılar ifa edən müğənnilərə realda daha çox tələbat olmasından şikayətlənib:
“Elə ki, istəyirsən məclisdə bir balaca muğam oxuyasan deyirlər ki, keçin də mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan. Bir şəxsiyyət kimi daxilində buna necə yol verirsən? Şəhərdə gəzirsən, bayağı mahnıya maşında elə xod verirlər ki, buferlər belə səsdən tərpənir. Adam elə mahnıdan utanır. Pəncərəni bağlayırsan ki, heç olmasa, bunu eşitməyəsən. Siz buna qulaq asırsınız. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin”.
G.Əliyeva bəzi müğənniləri də tənqid edib:
“Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq da geyinə bilər. Ay müğənnilər, sənətinizlə var olun. Aparıcıdan tələb edirlər ki, mənə sənətkar de. Sən sənətçi deyilsən. Onlar təsadüfi kəmiyyətdirlər. Bir özünüzə baxın və deyin ki, mən kiməm? Oturuşunuzu-duruşunuzu, kiminlə danışdığınızı bilin. Olmaz belə. Geyim də bunlardan biri”.