Üzgüçülük arıqlamağa kömək edir? - ARAŞDIRMA
Üzgüçülük arıqlamağa kömək edən ən effektiv idman növlərindən biri hesab olunur.
GunAz.az xəbər verir ki, "Men Today" jurnalının jurnalistlərinin istinad etdiyi araşdırmalara görə, müntəzəm üzgüçülük gəzinti və ya qaçışla müqayisədə daha çox kalori yandırmağa kömək edir.
Araşdırmada qeyd olunur ki, su oynaqlara və onurğaya düşən yükü azaltdığı üçün üzgüçülük zədələrdən sağalan və ya müəyyən sağlamlıq problemləri olan insanlar üçün də uyğun idman növüdür.
Mütəxəssislər vurğulayırlar ki, qarın nahiyəsindəki piylərdən daha tez xilas olmaq üçün təkcə qısa müddət üzmək kifayət etmir. Bunun üçün məşqlərin düzgün planlaşdırılması vacibdir. Tövsiyəyə əsasən, həftədə 2-3 dəfə, hər biri 45-60 dəqiqə davam edən məşqlər daha effektiv hesab olunur. Məşq proqramına quruda və suda isinmə hərəkətləri, əsas hissədə müxtəlif üzmə üsullarının növbələşdirilməsi, fasilələr və sonda sərinləmə hərəkətləri daxil edilməlidir.
Bundan başqa, yağ yandırılmasını sürətləndirmək və qarın əzələlərini gücləndirmək üçün arxaya və kəpənək üsulu ilə üzmək, ayaq hərəkətlərinə üstünlük vermək, plankadan istifadə etmək, həmçinin 50-100 metrlik sürətli üzmə dövrələrini yüngül templə növbələşdirmək tövsiyə olunur.
