Qarında şişlik nəyin əlamətidir?
Qarında köp və şişkinlik ciddi xəstəliklərin əlaməti ola bilər.
GunAz.az xəbər verir ki, qastroenteroloqlar Şripati Ketu və Asma Hapra qarında şişkinliyin ən çox rast gəlinən səbəblərini açıqlayıblar.
Onların sözlərinə görə, bu problem laktoza dözümsüzlüyü, qıcıqlanmış bağırsaq sindromu, qəbizlik, bakterial infeksiyalar, endometrioz və hətta stresslə əlaqəli ola bilər.
Həkimlər qazlı içkilərdən, alkoqoldan və süni şirinləşdiricilərdən uzaq durmağı tövsiyə ediblər. Asma Hapra bildirib ki, süd məhsullarını iki həftəlik rasiondan çıxarmaq problemin səbəbini müəyyən etməyə kömək edə bilər. O, həmçinin qaz yaradan qidaların müvəqqəti olaraq menyudan çıxarılıb sonradan mərhələli şəkildə geri qaytarılmasını məsləhət görüb.
Şripati Ketu isə bəzi hallarda vaxt itirmədən həkimə müraciət etməyin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, nəcisdə qan, səbəbsiz çəki itkisi, yüksək hərarət və güclü ağrı kimi əlamətlər təhlükəli siqnal sayıla bilər.
Mütəxəssislər qeyd ediblər ki, narahatlıq və xroniki stress də bağırsaqların fəaliyyətinə təsir göstərərək qarında şişkinliyi artıra bilər.
