Veqan və vegeterianlar mütləq oxusun

Bu fikirləri açıqlamasında Sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.
Asim Vəliyev
“Veqan və vegeterian pəhrizlər ürək-damar xəstəlikləri riskini azalda bilər. Bu pəhrizlər adətən doymuş yağlar və xolesterin baxımından aşağı, lif, antioksidant və bitki mənşəli qida maddələri baxımından isə zəngin olur. Bundan əlavə, bu pəhrizlər çox vaxt az kalorili və yüksək lif tərkibli olduğu üçün çəkiyə nəzarət etməyə kömək göstərir.
Lakin bu qidalanma tərzlərinin bəzi potensial çatışmazlıqları da mövcuddur. Məsələn, B12 vitamini əsasən heyvan mənşəli qidalarda mövcuddur. Veqanlar və bəzi vegeterianlar bu vitamini B12 ilə zənginləşdirilmiş məhsullardan və ya əlavələrdən əldə etməlidirlər. B12 çatışmazlığı anemiya və sinir sistemi problemlərinə yol aça bilər”.
Ekspert qeyd edir ki, həmçinin bitki mənşəli dəmirin orqanizm tərəfindən sorulması heyvan mənşəli dəmirlə müqayisədə daha zəifdir:
“Bu səbəbdən veqanlar və vegeterianlar ispanaq, mərci, noxud kimi dəmir mənbələrini C vitamini ilə birlikdə qəbul etməlidirlər ki, dəmirin sorulması artsın.
Omeqa-3 yağ turşularının əsas mənbəyi balıq olsa da, veganlar bu vacib qida maddəsini kətan toxumu, çia toxumu və qoz kimi bitki mənşəli məhsullardan əldə edə bilərlər”.