Qızılcadan ölüm halı niyə baş verir?
Qızılca virus şəklində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.
Bu sözləri tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib.
O, son zamanlarda qızılcanın həm uşaqlar, həm də yaşlılar arasında geniş yayılmasının səbəbini belə izah edib:
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən 13 adda vaksinlə peyvənd tövsiyə olunur ki, bunlardan biri də qızılcaya qarşı olandır. Son zamanlarda vaksinasiyanın kütləvi xarakter almaması və ya müəyyən yayınma hallarının olması yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Vaksinasiyadan yayınma hallarının isə başlıca səbəblərindən biri ÜST-nin başının koronavirus pandemiyasına qarışması oldu. Bundan başqa, valideynlərin özləri də imtina ərizələri yazıblar. Ümumiyyətlə antivaksin kampaniyasının aparılması özünü bir daha göstərdi”.
Həkimin sözlərinə görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, qızılca yeni formada təzahür edib:
“Xəstəliyin kütləvi yayılmasının səbəbi təkcə peyvənd olunmamaqla bağlı deyil. Qızılcaya yoluxan xəstələr dərhal yataq rejiminə keçirilməlidirlər. Belə xəstələrin yaşından və onların əvvəllər keçirdiyi digər xəstəliklərdən asılı olaraq müəyyən tədbirlər görülməlidir. Yaş artdıqca qızılcanın müxtəlif ağırlaşmaları və ölümcül fəsadları yarana bilər. Buna görə də, yaşlı insanlar qızılcaya yoluxan zaman daha diqqətli olmaq lazımdır. O cümlədən də tanınmış aparıcı, yazıçı-publisist Həmid Herisçinin bu xəstəliyə yoluxması bizi narahat edir. Ümid edirəm ki, o, tez bir zamanda sağalar”, - A.Qeybulla bildirib