Nur içində yat Şəhidim

Noyabrın 6-da qardaşım oğlu, kəşfiyyatçı Asiman Niyaz oğlu Allahverdiyev Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucaldı. İgid şəhidimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Asimanın 22 yaşı var idi. Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maxer (uzun müddətli) vəzifəsində xidmət edirdi. Kəşfiyyatçı olaraq döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyi üçün komandirləri tərəfindən dəfələrlə diplom, təşəkkür və hədiyyələrlə təltif olunmuşdu. Hər şənbə və bazar günləri evə gələrkən anasının boynunu qucaqlayar və deyərdi: «Ana, mən şəhid olsam, məni ağlamazsan. Mən bütün nəslimizə baş ucalığı gətirəcəyəm».
Anası isə ciyərparasını əzizləyərək, "elə demə oğul, Sənin yerinə mən ölərəm. Qadan mənə gəlsin" - deyərdi.
Gah da Asiman deyirdi ki, ana, hərbçilərin toyu bilirsən necə gözəl keçir, əsgər və zabit dostlarımız hamısı toya gəlir, bir qiyamət olur ki…
Çox heyif ki, arzuları yarımçıq qaldı Asimanın. Bir mütəxəssis olaraq həm ixtisasını artırmaq, həm də ingilis dilini mükəmməl öyrənmək üçün oktyabr ayının 1-də qardaş Türkiyəyə oxumağa göndərilirdi. Sentyabrın 27-də Ali Baş Komandanımız vətənimizi düşmən təxribatlarından və hücumundan müdafiə etmək naminə hücum əmrini imzalayan gündən ön cəbhəyə birincilər sırasında kəşfiyyata könüllü yazıldı Asiman balamız. Füzuli rayonunun erməni quldurlarından azad olunmasında əsl qəhrəmanlıq göstərdi. Növbəti döyüşlərin birində əməliyyat tapşırığını yerinə yetirərkən igidlik göstərərək cəsur kəşfiyyatçı ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəldi. Anası Sevinc xanımın dediklərindən: "Əkiz övladlarımı çox çətinliklə böyütdüm. Qız həyalı cüt oğullarımla çox qürur duyurdum. Cavidan işləyirdi. Asiman da təzə işə düzəlmişdi. Əmək haqqı da yüksək idi. Özünə ev tikdirirdi. Bir gözaltısı da var idi. Balamı evləndirmək istəyirdim. Amma evimizə balamın bayraqla bəzədilmiş tabutu gəldi. Təzə tikdirdiyi ev də yarımçıq qaldı, arzuları da».
Üç ildən çoxdur ki, ağır xəstə olan atası Niyaz isə olum və ölümlə mübarizə aparırdı. Başı bəlalar çəkmiş atanın beli bükülmüş və həkimlər onu təcili əməliyyata hazırlayıblar. Şəhid Asiman balamızın dəfnində bir izdiham hiss olunurdu. Küçələr və xiyabanlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. 17-ci məhəllədən Şəhidlər Xiyabanına qədər insan axını şəhidimizi son mənzilə yola saldı. Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərləri də dəfndə fəal iştirak etdilər.
«Şəhidlər ölməzdir, Vətən bölünməz». Ruhun şad, məkanın cənnət olsun qardaş oğlu. Bu acı xəbərdən çox sarsıldıq, nitqimiz qurudu, boğazımızdan bir qurtum su da keçmədi. Nə qədər kədərlənsək də, sən öz ölümsüzlüyünlə xalqımıza şərəf gətirdin. Sən bu gənc yaşında tarix yazdın, Şəhidlik zirvəsinə ucaldın. Hər birimiz isə şəhid qarşısında baş əyirik. Biz nə qədər yaşasaq da, Siz şəhidlərə borcluyuq. Sən öz mərdliyinlə, cəsurluğunla xalqımızın qəlbində əbədi bir məskən qurdun, Asiman. Xalqımızın qisasını gavurlardan mərdliklə aldın. Məzarında rahat uyu. Şanlı ordumuz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə cəmi Şəhidlərimizin qisasını artıq aldı. Qarabağda tam qələbə qazanaraq cəmi şəhidlərimizin ruhunu şad etdi. Sən isə şərəfli ölümünlə ölümsüzlüyünə qovuşdun. Hər kəs o uca zirvəni fəth edə bilməz. Rahat uyu, əziz şəhidimiz! Məzarın ilahi nuruyla dolsun, Asiman!
Rauf İLYASOĞLU