Şəhidlik Zirvəsinin Əbülfəz İmzası

Şəhidlik Zirvəsinin Əbülfəz İmzası İLAHƏ ALLAHVERDİYEVA yazır

Dünya yaranışından bəri bir mübarizə meydanıdır. İnsan doğulduğu andan etibarən yaşamaq, var olmaq, özünə yer eləmək üçün çarpışır. Amma elə bir məqam gəlir ki, bütün fərdi ehtiyaclar bir kənara çəkilir, ruhun ən ali mərtəbəsi olan Vətən sevgisi hər şeyin fövqünə yüksəlir. Bu sevgi insanı adi bir fərddən millətin qürur mənbəyinə, unudulmaz bir tarixə çevirir. Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açan Əbülfəz İmanov da məhz belə bir tarixin müəllifidir.
Əbülfəz ailənin üç qardaşından biri, evin ortancıl oğlu idi. Uşaqlıq illərindən idmana olan həvəsi, cüssəli bədən quruluşu onun hələ o zamanlardan sanki böyük sınaqlara hazırlandığından xəbər verirdi. Lakin bu zahiri gücün arxasında olduqca həlim, mülayim və düzgünlüyü hər şeydən üstün tutan bir qəlb döyünürdü. Kənddə böyük-kiçik hər kəsin ona olan xüsusi hörməti də elə bu səmimiyyətindən qaynaqlanırdı.
Tarix 1992-ci ili göstərəndə Azərbaycanın başı üzərini qara buludlar almışdı. Sərhədyanı bölgələrimiz, xüsusən də Naxçıvanın qeyrət qalası sayılan Sədərək düşmən hücumlarının əsas hədəfinə çevrilmişdi. Əli silah tutan hər bir vətən oğlu kimi, Əbülfəz də tərəddüd etmədən ön cəbhəyə yollandı. Cəmi əlli günlük hərbi xidmət dövrü onun qəhrəmanlıq dastanının ən şərəfli səhifəsi oldu. İdmançı cüssəsi ona qorxunun nə olduğunu unutdurmuşdu, amma onu əsl zirvəyə daşıyan fiziki gücü yox, mənəvi ucalığı – dostluğa, yoldaşlığa olan sadiqliyi idi. Çünki Əbülfəz üçün dostu qorumaq, yoldaşının namusuna sahib çıxmaq elə Vətəni qorumaq,bütöv bir torpağın ləyaqətini xilas etmək mənasına gəlirdi.
Onun son döyüşü haqqında danışanda boğazımızda bir hıçqırıq düyünlənir. Təsəvvür edin: güllə yağışı kəsmir, göydən od ələnir, hər kəs öz canını qurtarmağa çalışır. Amma Əbülfəz... O, can yoldaşının, çörək kəsdiyi dostunun cansız bədənini düşmən tərəfdə qoyub gəlməyi özünə sığışdıra bilmir. Bu, bir əsgərin sadəcə tapşırığı yerinə yetirməsi hesab oluna bilməz. Bu, ruhun ən ali mərtəbəsi, insanlığın zirvəsidir. Əbülfəz ölümün gözünə dik baxa-baxa geri döndü. Dostunun nəşini çiyinlərinə alanda sanki bütün Vətənin yükünü, qeyrətini çiyinlərinə götürmüşdü.Onun o son gedişi, əslində bir dönüş idi — özünü tapmağa, əbədiyyətə qovuşmağa doğru atılan bir addım. O müqəddəs yükü mənzil başına çatdırdı, amma özü son nəfəsini verərək əbədiyyətə qovuşdu.
1992-ci ilin 18 sentyabrında sönən bu ömür çırağı gələcək nəsillər üçün sönməz bir məşələ çevrildi. Çünki şəhidlik əslində bir başlanğıcdır — bizə insan olmağı, dostu yarı yolda qoymamağı və ən əsası Vətəni hər şeydən uca tutmağı öyrədən bir başlanğıc. Bu gün Əbülfəzin yarımçıq qalan arzularını onun adını daşıyan qardaşı oğlu Əbülfəz hərbi geyimdə, vətən keşiyində duraraq tamamlayır. Onun qanından gələn o qeyrət estafeti 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçən qohumlarının qələbə sevincində yaşayır.
 Əbülfəz bizim üçün təkcə keçmişin xatirəsi yox, həm də sabahımızın qürurudur. Onun ruhu Sədərək qayalıqlarında, Qarabağlar kəndinin hər küçəsində və ən əsası, azad nəfəs aldığımız bu torpağın hər qarışında bizimlədir.
Ruhun şad olsun, uca boylu pəhləvan! Sən o gün sadəcə bir dostun nəşini yox, bir millətin sarsılmaz sadiqlik andını öz çiyinlərində tarixə daşıdın. Sənin o məğrur duruşun, o təmiz qəlbin bizim ən böyük təsəllimizdir. Sən hər zaman bizimləsən — bir nəfəs qədər yaxın, bir dağ qədər uca...

скачать dle 12.1
Geri qayıt