Vətən uğrunda ucalan zirvə-Vəli Quliyev

Vətən uğrunda ucalan zirvə-Vəli Quliyev
Qəhrəmanlıq insanın ən ali mənəvi keyfiyyətlərindən biri kimi tarix boyu cəmiyyətin inkişafında böyük rol oynamışdır. Bu anlayış yalnız fiziki cəsarətlə məhdudlaşmır, həm də insanın çətinliklər qarşısında prinsipial mövqe tutması, haqq və ədaləti qoruması ilə ölçülür. Qəhrəmanlar hər zaman şəxsi maraqlarını ümumi mənafelərdən aşağı tutan, başqaları üçün fədakarlıq göstərən insanlardır. Məhz bu xüsusiyyətlər onları cəmiyyətin yaddaşında unudulmaz edir və onları əbədiləşdirir.
Bu unudulmaz qəhrəmanlardan biri də Vəli Quliyevdir. O, 1997-ci il avqustun 30-da Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 2003–2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009–2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır.
Kiçik yaşlarından onda mərdlik, dürüstlük və cəsarət kimi xüsusiyyətlər formalaşmışdı. Vəli həm təhsilində, həm də hərbi xidmətində daim məsuliyyətli və intizamlı olmuşdur. O, Azərbaycan gəncliyini, vətənpərvərliyini özündə əks etdirən igidlərdən biri kimi seçilirdi.
Gənc yaşlarından hərbi sahəyə maraq göstərən Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı o, ön cəbhədə döyüşərək torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmişdir.
Vəli Quliyev döyüşlər zamanı yüksək peşəkarlıq və liderlik bacarıqları nümayiş etdirmiş, silahdaşları üçün örnək olmuşdur. Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. 22 oktyabr tarixində isə o, ən ali məqama — şəhidlik zirvəsinə ucalmışdır.
Artıq “Naxçıvan Canavarı” ləqəbi ilə tanınan Şəhid Vəli Quliyev aramızda yoxdur… Amma onun yoxluğu sadəcə bir insan itkisi deyil — bir ananın qəlbində bitməyən həsrət, bir ailənin susmayan ağrısıdır. O, müharibə meydanında Vətən deyə-deyə canını fəda etdi. Arxasında isə yarım qalan arzular və onu gözləyən sevdiklərini qoydu.
İndi onun adı çəkildikcə ürəklər sızlayır. Çünki qəhrəmanlar tarixə adlarını yazdıqları kimi, sevdiklərinin qəlbində də silinməz iz buraxırlar. Vəli Quliyev də məhz belə qəhrəmanlardan biridir.
Ruhun şad olsun, igid… Sənin yoxluğunla yaşamaq çətin olsa da, xatirən hər zaman bizimlədir. Çünki şəhidlər ölmür — onlar qəlblərdə yaşayırlar.
Səma Nəcəfli 
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi


скачать dle 12.1
Geri qayıt