İşğaldan Zəfərə UZANAN YOL
Müşfiqabadda “Tarix danışır: Xocalı” adlı anım tədbiri keçirilib.
2026-cı il fevralın 25-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə “Tarix danışır: Xocalı” adlı geniş anım tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, faciənin tarixi həqiqətlərini bir daha ictimaiyyətə çatdırmaq və gənc nəslin milli yaddaşının möhkəmləndirilməsinə töhfə vermək olub.
Rəsmi açılış və xatirə anı
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində nümayiş etdirilən videoçarxda 1992-ci il fevralın 26-da baş vermiş faciənin tarixi faktları, o ağır günlərin acı reallıqları sənədli kadrlar və arxiv görüntüləri vasitəsilə təqdim olunub. Videoçarxda günahsız insanların üzləşdiyi müsibətlər, şəhərin dağıdılması və mülki əhaliyə qarşı törədilən zorakılıqlar geniş şəkildə əks olunub.
Təqdimatda torpaqlarımızın uzun illər işğal altında qalması, xalqımızın ədalət uğrunda apardığı mübarizə və nəhayət, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xüsusi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması qürur hissi ilə təqdim edilib.
Videoçarx Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışı, yenidən qurulan evlər, aparılan bərpa və quruculuq işləri, bölgədə həyatın tədricən bərpasını əks etdirən ümid dolu görüntülərlə yekunlaşıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Nəriman Mürsəliyev 34 il əvvəl erməni separatçıları tərəfindən törədilmiş faciə barədə ətraflı məlumat verərək, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını bildirib. O, eyni zamanda vurğulayıb ki, xalqımızın ədalət uğrunda mübarizəsi nəticəsində tarixi Zəfər qazanılıb.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov çıxışında Xocalı həqiqətlərinin unudulmamasının və gənc nəslə çatdırılmasının vacibliyini xüsusi qeyd edib. O xatırladıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib, 1997-ci il fevralın 25-də imzalanmış fərmanla isə hər il fevralın 26-da soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təsbit olunub.
Faiq Qurbanov bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu Qələbə həm də Xocalı şəhidlərinin qisasının alınması və tarixi ədalətin bərpası deməkdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri isə şəhidlərin ruhuna göstərilən ən böyük ehtiram kimi qiymətləndirilib.
O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə məktəbin tarix müəllimi Aqiyə Zaidova çıxış edərək faciənin tarixi mahiyyətini faktlar əsasında izah edib və Xocalı həqiqətlərinin daha geniş yayılmasının əhəmiyyətini vurğulayıb.
Şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik mahnıları, Xocalıya həsr olunmuş şeirlər mərasimə xüsusi emosional çalar qatıb. Kövrək, lakin ümid dolu misralar faciənin ağrısını, şəhidlərin əziz xatirəsini və xalqımızın sınmaz iradəsini ifadə edib.
“Tarix danışır: Xocalı” adlı anım tədbiri bir daha göstərdi ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi milli kimliyin vacib tərkib hissəsidir. Xocalı faciəsinin həqiqətlərinin unudulmaması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi ədalətin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.
Bilman İSAQ







