“Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət”
Qaradağ rayonunda “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirilib.
2026-cı il fevralın 24-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Heydər Əliyev Mərkəzi ilə birgə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa təşkil edib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, “Həqiqət Tarixi Araşdırmalar” və “Erməni təcavüzünün tanıdılması” ictimai birliklərinin sədrləri, şəhid ailələrinin üzvləri, partiya fəalları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 7 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Azərbaycan xalqı Xocalıda erməni separatçıları tərəfindən qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsini daim əziz tutur. O vurğulayıb ki, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul olunub. Həmçinin Ulu Öndərin 1997-ci il fevralın 25-də imzaladığı Fərmana əsasən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkə üzrə bir dəqiqəlik sükutla yad edilir.
Faiq Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, bu təşəbbüs nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımının mahiyyəti barədə daha geniş məlumatlandırılıb, ölkəmizdə və xaricdə faciə qurbanlarının xatirəsinə abidələr ucaldılıb.
Çıxış zamanı bildirilib ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub. Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinlərinin Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdışının davam etdiyi diqqətə çatdırılıb.
Həmçinin qeyd edilib ki, bu faciəni törədən şəxslərin bir qisminin ədalət mühakiməsi qarşısında cavab verməsi dövlətimizin prinsipial mövqeyinin göstəricisidir. Prezident İlham Əliyevin 2025-ci il fevralın 19-da Xocalıda yerli sakinlərlə görüşündə bu məsələyə xüsusi toxunduğu vurğulanıb və bildirilib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməməli, gələcək nəsillər bu həqiqətlər barədə daim məlumatlandırılmalıdır.
Dəyirmi masada çıxış edən “Həqiqət Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Əlövsət Qasımov Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışıb, 1991-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşü və erməni əsirliyində olan azərbaycanlıların dəyişdirilməsi ilə bağlı xatirələrini bölüşüb. O, müəllifi olduğu foto materialları tədbir iştirakçılarına təqdim edib.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova mərhum deputat, jurnalist Qənirə Paşayeva ilə birgə Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdikləri layihələr barədə məlumat verib, müəllifi olduğu sənədli nəşrləri Qaradağ rayon Heydər Əliyev Mərkəzinə hədiyyə edib.
Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva çıxışında vurğulayıb ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. O qeyd edib ki, işğal altında olan torpaqların azad edilməsi ilə Azərbaycan bu gün dünyada qalib dövlət kimi tanınır.
Tədbirdə çıxış edən Qaradağ rayonu Ağsaqqallar Şurasının sədri, jurnalist Ramin Məmmədov, şəhid anası Leyla Musayeva, YAP fəalları, ABŞ Psixoloqlar Assosiasiyasının üzvü Rəna Haqverdiyeva və 195 nömrəli məktəbin müəllimi Gözəl Həsənova bildiriblər ki, Xocalıda həlak olan şəhidlərin ruhu bu gün şaddır. Qeyd olunub ki, “Dəmir yumruq” artıq bütün dünyada Azərbaycan xalqının birlik və həmrəyliyinin rəmzinə çevrilib.
Bilman İSAQ



